“Xəzər Lənkəran”ı və “Bakı”nı dağıdan oxşar adamlar

5 Yanvar 2022 16:40 Köşə 2 121
“Xəzər Lənkəran”ı və “Bakı”nı dağıdan oxşar adamlar

“Bakı”nın sabiq futbolçusu İbrahim Karqbo klubun dağılmasının konkret səbəbini göstərib: “Hafiz Məmmədovun yaxın bildiyi insanlara güvənməsi”.

İbrahim Karqbo “oyun alverçisi” kimi tanınıb.

Ancaq bu əsas vermir ki, onun dediklərini qəribçiliyə salaq. İbrahim hər kim idi, amma dediyi həqiqətdir axı.

Təkcə Hafiz Məmmədov yaxın bildiyi adamlara güvənməyin acısını çəkdi? Yox! Bəs Mübariz Mənsimov kimlərin qurbanı oldu?

“Xəzər Lənkəranı” kimlər məhv etdi? “Bakı” da, “Xəzər Lənkəran” da qeyri-peşəkar idarəçiliyin badına getdi.

Kim idi o qeyri-peşəkarlar? Hafiz Məmmədovun, Mübariz Mənsimovun qohum-əqrəbası, dost-tanışı.

O vaxt jurnalistlər “belə idarəetmə “Xəzər Lənkəran”ı dağıdacaq yazanda, Mübariz Mənsimovun güvəndiyi adamalar həmin jurnalistləri məhkəməyə verirdi.

Guya bunların işgüzar nüfuzuna zərbə vururmuş jurnalistlər.

O “işgüzar nüfuz”un da nəticəsi “göz dağı” olan “Xəzər Lənkəran” idi ey. Milyonlar xərcləyib nəticəsi olmayan “Xəzər Lənkəran”. Eyni idarəçilər də “Bakı”da toplaşmışdı.

İndi bu klubların dağılmasına görə AFFA-nı qınayır əksəri. Bəli, AFFA-da da qeyri-peşəkarlar, futbolun inkişafını yox, öz marağını güdənlər əyləşib.

Aydındır, “yuxarı” – AFFA qeyri-peşəkarların monopoliyasındadır. “Aşağı”da – klublarda peşəkarlar olsaydı, “yuxarı”ya müqavimət göstərmək olardı.

Amma “yuxarı” ilə “aşağı”nın mahiyyəti eyni olunca, quruculuq yox, dağıdıcılıq qaçılmazdır.

“Xəzər Lənkəran” və “Bakı”nın dağılma səbəbləri tamamilə eynidir. Bu klubları dağıdanlar da oxşar adamlardır.

Qeyri-peşəkar qohum-əqrəba, dost-tanış. İbrahimin dedikləri bizim bildiklərimizdir.

Həqiqətdir!

Natiq Muxtarlı

Xəbər Lenti