Bu gün Baqa "Sumqayıt" üçün heç kimdir, amma Ayxan Abbasov...

4 Yanvar 2022 23:20 Köşə 1 989
Bu gün Baqa "Sumqayıt" üçün heç kimdir, amma Ayxan Abbasov...

Aleksey Baqanın "Sumqayıt"a gəlişi ilə klubda çox şey dəyişməyə başlayıb. Ayxan Abbasovun dönəmində transferə pul tapmayan klub, indi hansısa belarusluya 8000 dollar maaş verəcək.

Ayxan Abbasovun dönəmində düzdə qalan yerli futbolçuya belə pul tapmayan klub rəhbərliyi, indi əcnəbi oyunçu axtarışına çıxıb.

Ayxan Abbasovun dönəmində böyük çək-çevirdən sonra qısa müddət Türkiyəyə toplanışa gedən komandanın indi belə problemi müzakirə mövzusu ola bilməz.

Bir sözlə, kluba dünən təyin olunan (hələ gəlməyib) əcnəbiyə güldən ağır söz demək olmaz. O, toxunulmazdır.

Bəli, o, Belarus "Bate"si, "Şaxtyor"u və Litva "Jalgiris"i üçün dəyərli, toxunulmaz ola bilər, amma "Sumqayıt" üçün bu gün heç kimdir. Heç kim! Toxunulmaz olmalı adam isə o yox, Ayxan Abbasov olmalıydı.

O Ayxan Abbasov ki, bu "Sumqayıt" üçün böyük dəyərə sahibdir. Klub üçün nələr etməyib ki? Saysaq bitməz. Zatən hamı hər şeyi bilir.

Amma niyə yuxarıda sadaladıqlarmız Abbasova olmaz, amma Baqaya ilk fürsətdə olar?

Əcnəbidi deyə ona görə? Vallah sizləri qınamıram. İllərdi tanıdığımız adamlarsınız. İllər dəyişir, amma sizlər olduğunuz kimi yerinizdə saymağa davam edirsiniz.

Çünki sizin futbola yanaşmanız, ədalətiniz, həqiqətiniz, iç üzünüz, reallığınız budur. Mahiyyətiniz, libasınız dəyişilməzdir.

Əslində Ayxan müəllimə qarşı aylar əvvəldən göstərilən soyuq münasibəti hiss etməmək mümkün deyildi. Sadəcə klubu Konfrans Liqasına aparan məşqçini göndərməyə həya etdiniz. Guya...

Amma ilk büdrəmədə, bəli, uğursuzluqda yox, məhz büdrəmədə həyanı da unudub, onunla yolları ayırdınız.

Belə xislətdə olan adamlar varkən, istəyir Premyer Liqada 20 komanda olsun, inkişaf mümkün deyil.

Pul artan kimi yenə qaçacaqlar Baqa kimi əcnəbilərin yanına. İnkişaf istəyiriksə, öncə bu xislətdə olan adamları Azərbaycan futbolundan təmizləməliyik. Mütləq təmizləməliyik.

Xanoğlan İmanov

Xəbər Lenti