Yeni rəhbər Kamran Quliyevi dəyişəcək, yoxsa…

23 Dekabr 2021 19:40 Köşə 2 405
Yeni rəhbər Kamran Quliyevi dəyişəcək, yoxsa…

Nə bilim ey, vallah, deyirsiniz də...

Deyirsiniz ki, “Neftçi”nin ən böyük transferi Zaur Əzizovdur.

Deyirsiniz ki, “Neftçi”də bundan sonra işlər yağ kimi gedəcək. Deyirsiniz ki... Siz deyirsiniz, amma mən inanmıram.

Hər bir peşəkar kadrı onun işlədiyi kollektiv, mühit yetişdirir. “Qəbələ”ni Zaur Əzizov “Qəbələ” etməyib. Zaur Əzizovu Zaur Əzizov edən “Qəbələ” olub.

“Qəbələ” yenə də Zaur Əzizov yetişdirəcək. Bəs “Neftçi” niyə Zaur Əzizov yetişdirə bilməyib indiyə qədər? Yetişdirə bilməyib və “Qəbələ”nin yetişdirdiyi Zaur Əzizova möhtac qalıb?

Bax, dediyim o kollektiv, mühit olmayıb “Neftçi”də. Nöşün ki, “Neftçi”nin prezidenti Kamran Quliyevdir.

O prezident ki, adını klubun ştat cədvəlinə futbolçu kimi yazdırıb, ayda 15 min manat alıb. Bunu hansı klub prezidenti özünə rəva görərdi?

Zaur Əzizovun “Neftçi”yə gedişini çox şişirdirsiniz. Əlahiddə nələrinsə olacağına inanırsınız. Siz inanın, mən isə inanmıram. Mənim qənaətim budur: Kamran Quliyevin prezident olduğu kollektivdə heç bir perspektiv yoxdur.

Ola bilsin ki, Zaur Əzizov belə perspektiv görür. Olsun. Amma bunun üçün Kamran Quliyevin dəyişməsi lazım.

Düşüncəsinin, futbola baxışının, idarəetmə sisteminin. Əminəm, dəyişməyəcək. Yəni Zaur Əzizov da onu dəyişə bilməyəcək.

Ancaq ona da əminəm ki, Zaur Əzizov dəyişəcək. Kamran Quliyev dəyişəcək onu. O, belə işlər üçün nəhəng, çox nəhəng kadrdır.

Natiq Muxtarlı

Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!