Saşa Stamenkoviç üçün Azərbaycan karyerası bitdi deyə bilərik.
Hər halda 36 yaşlı qapıçının yenidən ölkəmizə qayıdacağı inandırıcı deyil. Bununla da ölkəmizdəki daha bir əcnəbinin dövrü başa çatdı.
Serbiyalı ölkəmizdə "Neftçi" ilə məşhurlaşmış, "Neftçi" azarkeşlərinin sevimlisi kimi populyarlıq tapmışdı.
2011-ci ildə paytaxtımıza ayaq basan qolkiper flaqmanla ardıcıl çempionluqlar qazanmış, Avropa Liqasının qrupuna düşməklə isə tarix yazan qəhrəmanlardan biri olmuşdu.
2015-də ölkəmizdən ayrılan Saşa gah klubsuz qaldı, gah da Qazaxıstandan xəbəri gəldi. 2018-ci ildə qısa aradan sonra özünə doğma bildiyi Bakıya qayıtdı. Bu dəfə sevimli "Neftçi"sinə yox, "Sabah"ın rənglərinə "büründü".
Yeni yaranan Masazır təmsilçisi daha çox gənclərdən təşkil olunmuşdu. Saşa həmin dönəm öz təcrübəsi və peşəkarlığı ilə komandasına çox fayda verir, xallar qazanmasında önəmli rol alırdı. Ötən mövsüm də 20-yə yaxın oyunda kapitan kimi "Sabah"ı meydana çıxardı. Təbii ki, yaş öz sözünü deyirdi. Yaşlanan Saşa "Neftçi"dəki Saşa deyildi. Amma əla seyvləri bu yaşında, bu çəkisində belə göz oxşayırdı.
Bu il isə Səlahət Ağayevin əvəzləyicisi olmaqla barışmışdı. Ən azı mövsümün sonuna kimi komandada qalacağı güman edilirdi. O isə yalnız ilin sonuna kimi qalmağa qərar verdi. Ailə problemlərini əsas gətirən qolkiper getmək istədiyini bildirincə "Sabah" rəhbərliyi də anlayışla razılaşdı.
"Səbail" oyununn gedişində və sonundakı ayrılıq görüntüləri Saşa Stamenkoviçin ölkəmizdə hansı dəyərə sahib olmasını göstərmiş oldu.
Burada olduğu 8 ildə hər bir azərbaycanlıya hörmət etməsini bildi. İki fərqli paytaxt klubunda oynasa da, ancaq sevgi görməyi bacardı.
İllər keçəcək, amma o, elə dünənki kimi böyük ehtiram və hörmətlə yada salınacaq. Bu isə hər əcnəbiyə nəsib olmur. Sağ əlin digər əcnəbilərin başına olmaq ümidi ilə yaxşı yol, Saşa!
Xanoğlan İmanov

