Kaş mən səhv edərdim…

17 Dekabr 2021 09:40 Köşə 1 280
Kaş mən səhv edərdim…

O gün yetişdi və Azərbaycan yığmasının Millətlər Liqasındakı rəqibləri İsveçrənin Nyon şəhərindəki püşkatmada müəyyənləşdi.

Sayca üçüncü 2022/23 mövsümündə C liqasında mübarizə aparacağıq.

Püşkün nəticəsinə əsasən, 3-cü qrupdayıq. Komandamızın rəqibləri Slovakiya, Belarus və Qazaxıstan/Moldova cütünün qalibi olacaq.

Liqa oyunlarına gələn ilin iyununda start veriləcək. Həmin vaxt 4 tur baş tutacaq. Digər iki tur sentyabrda təşkil ediləcək.

Millimiz qrup qalibi olsa, 2024/25 mövsümündə B liqasında oynamaq imkanı qazanacaq. Sonuncu yer isə D liqasına düşməmək uçun pley-offda mübarizə aparmaqla nəticələnəcək.

Yarış AVRO-2024-ün pley-offuna vəsiqə də verəcək.

Qrupda ilk 2 yerdən biri uğrunda çarpışacağıq. AFFA ilə De Byazi arasında anlaşma buna əsasən əldə olunub. Hər halda tərəflər belə deyir.

Federasiyanın vitse-prezideniti Vaqif Sadıqov bir qədər detallara vararaq iddia edib ki, italyan baş məşqçi bu öhdəliyə üsiləndiyindən, onunla müqavilənin müddəti 10 ay uzadılıb.

Püşk sözün həqiqi mənasında üzümüzə gülüb. Bundan yaxşı qrup təsəvvür etmək olmazdı. Elə bil, Allahın bizə yazığı gəlib və indi bununla deyir ki, buyurun indi, göstərin özünüzü..

Mən Allaha, onun kəramətinə inanıram. Canni De Byaziyə, onu «yedəyində» gəzdirənlərə isə yox.

Pessimistəm və qrupdan çıxacağımıza henç inanmağım gəlmir. Kaş mən yanılardım və bədbin düşüncələrə qapılmaqda səhv olduğumu görərdim. Kaş e, kaş!

Məni ümidsizləndirən səbəblər çoxdur. Başlıcası da düşərgədəki ağır aura, baş məşqçi ilə futbolçular arasında rabitənin soyuqluğudur.

De Byazi «kostyum geyinəndə əsl komandaya oxşayırsız» deyib, lağa qoyduğu oyunçuların qəlbini elə qırmayıb ki, onlardan istədiyini ala bilsin.

Uzaqbaşı, 1-2 qələbə, yaxud heç-heçə edə bilərik. Uzaqbaşı, ey! Nə birinci yer, heç ikinci olmaq şanımısız də yoxdur.

AFFA rəhbərliyi, əlbəttə ki, millidə nələr olduğunu gözəl bilir. Nə də olmasa, kollektivin içində adamları çoxdur, bu siqnalları alıblar.

AFFA De Byazinin kontraktını uzatmaqla yalnız vaxt udmaq məqsədi güdüb, güman etməyin ki, yeni anlaşma ona güvəndən irəli gəlir.

Vaxt udmaqda məqsədləri bu posta iddialı və layiq, amma onların maraqlarına, altdan-altdan irəli sürdükləri tələb/şərtlərə «yox» cavabı alacaqlarını bidikləri yerli məşqçiləri komandadan uzaq tutmaqdır.

Belə qazanırlar da özləriyçün. Seçmə mərhələlərdə qazanmasaq da olar.

Xəzər Hikmət

Xəbər Lenti