Niyə sayılmayan qoldan yapışmışıq?

11 Dekabr 2021 09:40 Köşə 1 483
Niyə sayılmayan qoldan yapışmışıq?

“Qarabağ” avrokuboklarda növbəti dəfə hakim haqsızlığı ilə üzləşdi.

2014-cü ildə həlledici mərhələdə “İnter”lə oyunda Riçard Almeydanın qolu qeydə alınmamışdı,

“Omoniya” ilə Bakıdakı görüşdə İbrahima Vadjinin qaydalar çərçivəsində vurduğu qol sayılmamışdı. Bu dəfə...

Bu dəfə Yoviç soyadlı xorvat hakim və köməkçisi dünyanın və “Bazel”in futbolçularının gözləri qarşısında tər-təmiz qolu görməməzlikdən gəldi.

Əlbəttə, bu kimi yanlış qərarlar futbolçuları psixoloji mənada sarsıdır, oyunun sonrakı axarına mənfi mənada təsir edir.

Amma həqiqətin gözünə dik baxmaqla bir sualın cavabını tapaq: “Qarabağ” sayılmayan o qola görəmi uduzdu?

Sualdan sual yaranır: Futbolçular hakim ədalətsizliyinə görə sarsılmışdısa, oyunun davamında azı 5 dəfə 100 faizlik qol şansını yaxalamaq necə mümkün oldu?

Demək ki, problem Yoviçin qolu hesaba almamasında yox, İbrahima Vadji kimi əsas qol ümidinin rəqib qapısını görməməsindəydi.

“25 nömrə” düz 3 epizodda mümkünsüzü bacarıb topu ya qapıçının üstünə vurdu, ya da qapının üstündən aşırdı, Patrik Andradenin vuruşunu rəqib qolkiper dəf etdi.

Haqqı deməyi bacaran Qurban Qurbanov oyunsonrası mətbuat konfransında həqiqəti söylədi. Təcrübəsizliyi qabardıb, Vadjinin fürsətləri boşa verməsini tələskənliklə əlaqələndirdi.

Bununla da yenilginin çəkisində əsas ağırlığın məhz “Qarabağ”ın üzərinə düşdüyünü etiraf etmiş oldu.

Bəli, Avropadakı qürurumuz məhz təcrübəsizliyin “qurbanına” çevrildi. Ələ düşən fürsətlərin sağa-sola xərclənməsi azmış kimi, təcrübəli müdafiəçilərin mövqe səhvləri yekunda stadionun tablosunda acı mənzərəyə şahidlik etməyimizə səbəb oldu.

Rəqib qapıçı Lindnerin “çərçivə”də divar təsiri bağışlaması da mütləq və mütləq qeyd olunmalıdır.

0:3-ün günahını özümüzdə görməliyik. Təkrar edirəm, lap hakim ədalətsiz şəkildə qolu qeydə almamışdısa belə, matçın davamında meydanda diqtə edən, saysız qol epizodları yaradan tərəf məhz “Qarabağ” idi. Bəs, niyə qollar vurulmadı? Niyə qapımızda sadə qollar gördük?

Hər birimiz yıxıla-yıxıla böyümüşük. Elə “Qarabağ” da yıxıla-yıxıla böyüməkdədir. Dünənə qədər qrup mərhələsini aşmağın yollarını axtaran və istəyinə 8-ci cəhddə çatan komandanın qrupu ilk pillədə başa vurması, əlbəttə, möhtəşəm olardı.

Amma qarşında 128 yaşlı klub, Çempionlar Liqasının 1/4, 1/16 mərhələlərində, Avropa Liqasının yarımfinalında oynamış komanda və bu komandanın heyətində cari mövsümdə bütün yarışlarda vurduğu 27 qolla “böyük beşlik” ölkələrinin hədəfində olan Kabral kimi hücumçu varsa, sən gözləməyə, dözməyə və öyrənməyə məhkumsan.

Bazeldəki matç yaxşısı və pisi ilə geridə qaldı. Bundan sonra əsas hədəf səhvlərdən nəticə çıxarıb irəli boylanmaqdır. Qurban bəy demiş, minimum hədəfin öhdəsindən gəlindi.

Bundan sonrakı maksimum “Bazel”ə qarşı sərgilənən oyunu 1/16-dəki rəqibə qarşı göstərmək olmalıdır.

HƏBİB

Xəbər Lenti