Rəşad Sadıqovu xilas edən AFFA

8 Dekabr 2021 17:20 Köşə 2 758
Rəşad Sadıqovu xilas edən AFFA

Əminəm, əksər idman jurnalistləri, azarkeşlərimiz Rəşad Sadıqovun düşmənidirlər.

Bunlar o şəxslərdirlər ki, Qurban Qurbanovu da düşmən hesab edirdilər.

Onun milli komandanın baş məşqçisi olması üçün AFFA-ya olmazın təzyiq etdilər. Baxmayaraq ki, yaxşı bilirdilər milli komandaya gedəcək şəxsi, əslində intihara apardıqlarını. Qurban Qurbanovu milli komandaya sürüklədilər, bir ildən sonra oradan urvatsız şəkildə göndəriləndə də bir az asıb-kəsdilər.

Niyə?

Çünki Qurbanovun nüfuzdan salınması prosesi tam yekunlaşmamışdı. İctimaiyyəti qane edə bilməzdi belə durum. Qurban Qurbanov “yığma bataqlığı”nda boğulmalı, üstəlik, “Qarabağ” da gücünü itirməli idi. Hə, ondan sonra həngamə başlayacaqdı. Qurbanovu o ki var tənqid edəcəkdilər.

De Byazi ilə yeni müqavilə bağlamazdan əvvəl də AFFA-ya təzyiq göstərdilər ki, Rəşad Sadıqovu sürükləsinlər o bataqlığa.

Ay qardaşlar, axı yaxşı bilirsiniz ki, millinin nəticə verməsi mümkün deyil. Çünki buna qədər xeyli başqa problemlər ki, onlar həll edilməlidir.

Yığmanın nəticə verməsi üçün əvvəlcə AFFA rəhbərliyi futboldan getməlidir. Sonra köklü islahatlar başlamalı, infrastruktur qurulmalı, uşaq futbolu inkişaf etdirilməlidir.

Bu işə indi başlanılsa, ən azı 15 il sonra yığma nəticə verə bilər.

Rəşad Sadıqovun yığmaya göndərilməsi isə “yerli mütəxəssis yola versin” planı deyil. Rəşad Sadıqov Azərbaycan futbolunda o çəkiyə sahibdir ki, sabah ondan mütləq nəticə tələb olunacaq.

Amma nəticənin olmayacağı da bəllidir axı. Bir Rəşad olmasın, min Rəşad olsun.

Bəli, millidə yerli mütəxəssis salışmalıdır. Ayda 3-4 min manat məvacibə. Yığmanı beynəlxalq görüşlərə çıxartmaq, hərdən-birdən qol vurmaq, hərdən-birdən də xal qazanmaq üçün.

Amma bu yerli mütəxəssis Rəşad Sadıqov olmamalıdır. O, möcüzə yaradacaq gücə sahib deyil. Baxmayaraq ki, siz ondan möcüzə tələb edəcəkdiniz.

Və möcüzə olmayanda da, tənqid başlayacaqdı, nə başlayacaqdı. Beləcə, hələ püxtələşməmiş, amma perspektiv vədən edən bir yerli mütəxəssis də qurban veriləcəkdi

Yaxşı ki, AFFA sizin dediyiniz etmədi, xilas etdi Rəşad Sadıqovu. Buna görə siz AFFA-nı tənqid edin, mən də təşəkkür edim.

Natiq Muxtarlı

Xəbər Lenti