“Limit vacibdir” deyib, legionerlərə güvənən saxtakarlar

7 Dekabr 2021 17:40 Köşə 1 195
“Limit vacibdir” deyib, legionerlərə güvənən saxtakarlar

Azərbaycanda limit məsələsi müzakirə olunarkən bir sıra məşqçilər və klub rəhbərləri “qırmızı saxtakar” olduqlarını göstərirlər.

Samiq Abasov “limit ləğv olunmalıdır” deyəndən sonra əksər klubların baş məşqçiləri “bəs azərbaycanlı futbolçular harada oynasınalr” deyib saxta canıyananlıq etdilər.

Onlar bir yana, “Neftçi”nin prezidenti Kamran Quliyev də idman verilişlərinin birində azərbaycanlı futbolçuların “qayğısına” qaldı, limitin vacib olduğunu bildirdi.

Bu adamlar belə deməklə həm də ictimai rəyi çaşdırırlar.

Birincisi, hazırda Azərbaycanda limit 6+5-dir. Yəni 5 yerli futbolçunun meydanda olması vacibdir.

Amma bu o demək deyil ki, meydanda mütləq 6 legioner olmalıdır. Yox, istəsəniz, meydana 11 yerli futbolçu buraxa bilərsiniz.

İndi sual edirəm, “limit vacibdir” deyənlər, niyə legionerlərdən yararlanırsınız? Legioner almayın, meydana 11 yerli futbolçu buraxın.

Buna görə sizə kim mane olur?

Yerli futbolçuların dərdini çəkən Kamran Quliyevin komandası Azərbaycan çempionatında meydana 5 futbolçu çıxartmağa məcburdur, amma avrokuboklarda bu qadağa olmadığı üçün start heyətində 9 legioner olurdu.

Niyə, Kamran Quliyev? Bu saxtakarlığın adı nədir?

Niyə avrokuboklarda legionerlərdən yararlanırdınız? Niyə meydana 11 yerli futbolçu buraxmırdınız?

Çünki yaxşı bilirdiniz ki, yerli futbolçularla meydana çıxsanız, biabırçı hesabla məğlub olacaqsınız, heç bir mərhələ də adlaya bilməyəcəksiniz.

Ay camaat, limitin ləğv olunması o demək deyil ki, azərbaycanlı futbolçu oynamayacaq.

Yox, hansı komanda istəyirsə, legioner transfer etməsin, ancaq yerli futbolçulara güvənsin, onları inkişaf etdirsin, biz də “əhsən” deyək.

Amma limit ləğv olunmalıdır. Çünki rəqabəti pozur, azərbaycanlı futbolçuda arxayınlıq yaradır.

Ona da əmin olun ki, sabah limit ləğv olunsa, bu gün “yerli futbolçuların inkişafı üçün limit vacibdir” deyənlər heyətə bircə azərbaycanlı da buraxmayacaqlar. Adamlar, sadəcə saxtakardırlar, vəssalam.

Limit ləğv olunsa, bu saxtakarların o biri üzünü də görəcəksiniz. Elə bu birinin eynidir.

Natiq Muxtarlı

Xəbər Lenti