AFFA yığmaya yerli məşqçilərdən birini təyin etsəydi... "Zugzwang" vəziyyəti

5 Dekabr 2021 11:00 Köşə 1 637
AFFA yığmaya yerli məşqçilərdən birini təyin etsəydi... "Zugzwang" vəziyyəti

Şahmatda "zugzwang" deyilən bir vəziyyət var.

Alman dilində hərfi mənası "həmlə məcburiyyəti" olan vəziyyətin təxmini izahı belədir ki, tərəflərdən biri elə duruma düşür ki, hansı həmləni etsə, məğlub olacaq.

Çıxış yolu yoxdur, mütləq həmlə etməlidir, amma bu həmlə onu məğlubiyyətə aparacaq.

Ötən gün İcraiyyə Komitəsinin iclasını keçirən AFFA da zugzwang vəziyyətində idi. Milli komandanın baş məşqçisi ilə bağlı verilən istənilən qərar qurum üçün uğursuz olacaqdı. Ki oldu da.

Gəlin, variantlara baxaq⬇️

Milli komandaya tarixinin növbəti seçmə mərhələ fiaskosunu yaşadan De Byazi ilə yollar ayrılsaydı:

1. Başqa əcnəbi məşqçi ilə anlaşma həm maddi cəhətdən əlverişsiz olacaqdı, həm də yeni gələn məşqçi üçün oyunçuları tanımaq, yeni sistem aşılamaq uzun zaman alacaqdı ki, bu da ən azından Millətlər Liqasının boşa verilməsi ilə nəticələnə bilərdi. Halbuki, özümüz kimi zəiflərlə oynayacağımız ML-də qazanılan hansısa kiçik uğur gələcəkdə "səmərəli, məqsədyönlü və planlı" işin nəticəsi olaraq təbliğat vasitəsi kimi istifadə olunacaq. Bu şansı qaçırmaq olmaz.

2. Yerli məşqçilərdən birini təyin etsəydilər:

- Ağlımıza ilk olaraq Qurban Qurbanov və Rəşad Sadıqov gəlir. Aydın məsələdir ki, hər iki mütəxəssislə AFFA arasında münasibətlər yumşaq desək, yaxşı deyil.

Üstəlik, 2018-ci ildə Qurbanova atılan badalaq hələ yaddan çıxmayıb. Rəşad Sadıqova isə indiki halda dəvət göndərmək, necə deyərlər AFFA-nın öz "prinsipləri"ni ayaqlaması olardı.

- Digər yerli mütəxəssislər isə onların fikrincə millinin yükünü çəkəcək, bu məsuliyyətin altına girəcək gücdə deyillər.

Ona görə də AFFA rəhbərliyi onları məğlubiyyətə aparacaq mümkün pis variantlar arasında onlara görə nisbətən daha az, mənə görə isə ən pis variantı seçdi və Canni De Byazi ilə yola davam etmək qərarı verdi.

İtaliyalı qoca daha 10 ay, yəni növbəti Millətlər Liqası müddətində millinin başında olacaq. Bəlkə də bu dəfə 1-dən artıq xal toplayacaq, amma bu, hansısa yaralı barmağa dərman olmayacaq.

Yaşayarıq, görərik...

Zaur Xudiyev

Xəbər Lenti