Elxan Məmmədovumuza şükür, Allah!

1 Dekabr 2021 17:00 Köşə 1 513
Elxan Məmmədovumuza şükür, Allah!

Başınızı ağrıtmaq istəmirəm.

Gəlin, sizə bir lətifə danışım, sonra da nə demək istədiyimi bir cümlə ilə izah edim.

Deməli, kaşıb bir kişinin bacısı oğlu gəlib deyir ki, dayı, nə vaxta qədər belə yaşayacağıq, gedək, şahın xəzinəsini yaraq, biz də insan ömrü sürək.

Dayı deyir ki, ay bacıoğlu, bu günümüzə şükür elə, get, kasıbçılığını et! Bacıoğlu dayının məsləhətini dinləmir, üstəlik, onun özünü də yoldan çıxardır.

Nə isə, gedib xəzinəni yaranda, gözətçilər bunları həbs edib atırlar zindana. Bacıoğlu vəziyyətin qəliz olduğunu görüb, deyir ki, ay dayı, indi nə edəcəyik?

Dayı da sakitcə deyir ki, bu günümüzə şükür et, oturmuşuq də zindanda. Onun belə deməsi dəliqanlı bacıoğlunu əsəbiləşdirir.

Bir neçə gündən sonra gözətçilər onları zindandan çıxardıb aparırlar meydana ki, dar ağacından assınlar. Bacıoğlu həyəcanla deyir ki, ay dayı, daha bundan o yana yoxdur, nə edək?

Dayı da sakitcə deyir ki, bu günümüzə şükür et. Bacıoğlu lap cin atına minir bu sözdən sonra.

Deyir ki, a kişi, boynumuzu kəndirə keçirirlər, sən isə deyirsən, şükür et.

Cəllad onların boynunu kəndirə keçirmək istəyəndə, çapar təngnəfəs gəlir və cəllada deyir ki, dayanın.

Bacıoğlu ümidlənir, elə bilir ki, edamdan qurtulublar.

Çapar deyir ki, şahın fərmanı var, bu adamlar asanlıqla ölməməlidir. Şah əmr verib ki, onları şaqqalayıb hissələrə bölmək lazımdır.

Dayı bacıoğluya baxıb deyir ki, a bala, sənə demədim ki, bu günümüzə şükür et?!

Bu gün Gənclər və İdman Nazirliyində olan təyinatlardan sonra şəxsən mən ağıllandım. Artıq şükür edirəm. Arzulayıram ki, daha bundan sonra heç bir kadr dəyişikliyi olmasın.

O cümlədən, AFFA-da da. Elxan Məmmədovumuza şükür, Allah!

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"