“Şamaxı”: Kimi gözləyirsiz axı?

29 Noyabr 2021 21:00 Köşə 1 238
“Şamaxı”: Kimi gözləyirsiz axı?

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Keşlə” son günlərini yaşayır.

Yanvarın ilk günündən bu ad tarixə qovuşacaq ki, klub yeni ad altında – “Şamaxı” kimi fəaliyyət göstərəcək və ev oyunlarını adıçəkilən rayonda keçirəcək.

Artıq bu barədə qərar qəbul olunub və ictimaiyyətə məlumat verilib.

Bilinən hələ ki, bunlardır. Halbuki, klubun adı dəyişdirilib, özü də paytaxtdan bölgəyə köçürsə, digər suallara da cavab tapılmalıdır.

Məsələn, komanda üzvləri harda məskunlaşacaq? Bakıda, yoxsa Şamaxıda?

Komanda həftəiçi məşqlərini harda keçəcək? Bakıda, yoxsa Şamaxıda?

“Qırmızılar” çempionatın ikinci yarısına harda hazırlaşacaq? Bakıda, yoxsa Şamaxıda?

Klubun loqosu kökündən dəyişəcək, yoxsa ancaq ad dəyişikliyi olacaq?

Bunlar üzdə görünən qaranlıq məqamlardır. Bir qədər dərinə getməklə azı bu qədər də sual tapmaq olar.

Yanvarın ilk gününə təxminən bir ay qalmasına baxmayaraq, “Şamaxı” ilə bağlı məlumat verilmir, bir çox suallar cavabsız qalıb.

Kluba yaxın mənbələrdən aldığımız bilgiyə görə, “Keşlə”nin əsas söz sahibi Zaur Axundov qərar açıqlanan gündən – noyabrın 10-dan bu yana məşqçi və futbolçu heyəti ilə bir neçə dəfə görüşsə də, “Şamaxı”nın adını bir dəfə də olsun çəkməyib.

Sanki bir müddət əvvəl aparılan müzakirələr yuxu imiş.

Axundovun kimi və nəyi gözlədiyini demək çətindir. Bilinən odur ki, bu işdə də tələskənlik, necə deyərlər, yola vermək olacaq. Son anda əl-ayağa düşüb nəsə edəcəklər.

Halbuki, 20 gün ərzində bir çox sualların cavabı tapılmalıydı.

HƏBİB

Xəbər Lenti