“Get” deyirəm, amma onu da bilirəm ki... Haradadır ikinci Nazim?

23 Noyabr 2021 19:40 Köşə 1 770
“Get” deyirəm, amma onu da bilirəm ki... Haradadır ikinci Nazim?

Adamın başının üstündə Allah var, “Neftçi” rəhbərliyi nəyi də bacarmasa, intriqa yaratmağı və onu öz mənafeyi naminə idarə etməyi əla bacarır.

Artıq mətbuat da, azarkeşlər də “Neftçi”də bir günahkar görürlər – baş məşqçi Samir Abasov.

Kütlədir də, intriqanı alababat bacarsan, ha tərəfə istəsən yönəldəcəksən. Bu o Samir Abasovdur ki, 7 il ayaq altında sürünən “Neftçi”ni çempion etməyi bacardı.

7 il bu rəhbərlik məşqçiləri əlcək kimi dəyişdi. 7 il bu rəhbərliyin qeyri-peşəkar idarəçiliyi “Neftçi”ni autsayder statusuna salmışdı.

7 il idi ki, azarkeşlər də, mətbuat da bu rəhbərliyi tənqid edirdi. İndi isə məlum olur ki, günahkar Samir Abasovdur.

Bu heç. Maraqlı odur ki, Samir Abasov niyə bu intriqa planından xəbərdar deyil. Ola bilsin ki, xəbərdardır, amma “Neftçi”dən könüllü şəkildə istefa verib getmək cəsarətinə sahib deyil.

“Neftçi” “yağlı” yerdir. “Neftçi” “qara qızıl”ın içində boğulur. “Neftçi”də pul var ey, pul. Ona görə də hər adamın cəsarəti çatmır ki, istefa versin. Bunu tək-tək adam bacarar.

Necə ki, Nazim Süleymanov bacarmışdı. “Neftçi”nin o vaxtkı rəhbərliyi də kollektiv şəkildə Süleymanova “torba” tikmək istəyirdi.

Amma Nazim bəy bunu hiss edincə, “canınız cəhənnəmə” deyib ayrıldı.

Yadımdadır, həmin vaxt “Neftçi”nin rəhbər şəxsləri cərcənək vəziyyətdə qalmışdılar. Gözləmirdilər axı bu addımı.

Onlar plan qurmuşdular, bu plana əsasən Süleymanov gözdən salınmalı, ondan sonra da qovulmalı idi.

Və “Neftçi”nin rəhbərliyi sonradan məhz Nazim müəllim üçün tikmək istədikləri “torba”ya özləri düşdülər. Ta o vaxtdan futbol təsərrüfatından didərgin düşüblər.

“Neftçi”dən istefa vermək çətindir. İstər baş məşqçi olsun, istərsə də rəhbər şəxs. Bunun üçün özünə aşırı hörmət göstərməlisən, cəsarətin olmalıdır.

Belə xarakter olsaydı, elə “Neftçi”nin hazırkı rəhbərliyi istefa verərdi. Lap Müşahidə Şurasının sədri olan yazıçı istefa verərdi.

Yalnız Bəhram Bağırzadə belə xarakterə sahib idi. O, “Neftçi”də hansı “oyun” oynanıldığını gördü. Oynamaq istəmədi bu “oyun”u. Özünü xərcləmədi pul naminə.

Samir Abasov üçün iki nümunə çəkdim. Get, imkan vermə ki, öz günahlarını da sənin üzərinə yıxsınlar. Get, onsuz da bu idarəetmə ilə “Neftçi” yenə də ayaq altında olacaq.

Get, çox keçməz ki, hamı səni xatırlayar. “Get” deyirəm, amma onu da bilirəm ki, getmək üçün Nazim Süleymanov olmaq lazımdır.

Haradadır ikinci Nazim?

Natiq Muxtarlı

Xəbər Lenti