Özü yıxılan ağlamaz, Samir bəy!

24 Noyabr 2021 13:00 Köşə 2 798
Özü yıxılan ağlamaz, Samir bəy!

Samir Abasovlu "Neftçi" ardıcıl üçüncü məğlubiyyətini "Sabah"dan aldı.

Flaqman hələm-hələm belə "qara zolağ"a düşən deyil. Heç ən uğursuz dönəmlərində belə...

İndi isə çempionluq statusu daşıyan kollektiv belə acınacaqlı duruma düşüb. Yaranmış vəziyyət təbii ki, "Neftçi" azarkeşləri və "Neftçi" rəhbərliyi kimi, futbol ictimaiyyətində də geniş müzakirə olunur.

Fikirlər isə müxtəlifdir - kimisi Samir Abasovu, kimisi də komanda rəhbərliyini günahkar bilir. Bəs əsl günahkar kimdir?

Mənə görə həmin şəxs birmənalı olaraq Samir Abasovdur!

Bəli, "Neftçi" idarəetməsində ciddi nöqsanlar var. Ümumiyyətlə, "Neftçi"ni konkret olaraq kimin idarə etdiyini bilən varmı? Şəxsən mənim bu suala konkret cavabım yoxdur.

İndi yox, illərdi bu komandanın idarəetməsi bərbaddır. İndi də həmçinin.

Elə uzun illərdən sonra çempionluğun qazanıldığı ötən mövsümdə də rəhbərlik indiki rəhbərlik idi. Bəs onda Abasov çempion olmağı necə bacardı? Həm də yarıda gəldiyi, əzəli rəqib "Qarabağ"a 0-6 uduzan və özünün yığmadığı komanda ilə. Onda indiki rəhbərlik yaxşıydı, indi pis?

Avrokuboklarda uğursuzluq ard-arda gəldi. Komanda üç turnir dəyişdi, amma nəticəsini dəyişə bilmədi. Transferlər gecikdi və ya ümumiyyətlə edilmədi. Rəhbərlik günahkar idisə, Abasov niyə dillənmirdi?

Avrokuboklara kimi oyunçu tapmayan Abasov, necə oldusa avrokuboklar bitən kimi ard-arda oyunçu tapıb transfer elədi. Hamısı da əcnəbi.

Bu məqam sizə nəsə demirmi? Tutaq ki, avrokuboklar üçün transfer gecikdi və uğursuzluq yaşandı. Bəs çempionata nə söz? Məşq etməyə oyunçu tapmayan "Qəbələ"dən yaxşı nəticə göstərmək üçün Xəyal Nəcəfov belə "Neftçi"yə çoxdur. Bəs Abasovun komandası bunu niyə bacarmır?

Axı özü yığdığı, kifayət qədər vaxt qazandığı komanda ilə belə nəticələrin qeydə alınmasına görə tək günahkar Abasovdur. Rəhbərlik buna nə etsin?

Çempion olanda "yaxşı" dediyin rəhbərliyə uğursuzluq olanda "pis" demək ədalətdən deyil, bəylər.

Mənə görə bu iddia yaranmış situasıyada fikir azdırmaq və vaxt qazanmaqdır.

Hə, Abasova o zaman haqq vermək olardı ki, çempionluqdan sonra "bu rəhbərliklə çox uzağa getmək olmaz" deyib istefa verərdi.

Amma israrla qalmağı seçən mütəxəssis, sonrakı qərarları ilə tək günahkarın özü olduğu fikrini formalaşdırmış oldu. Bəlkə də haqlıykən haqsız duruma düşdü. Daha doğrusu düşmədi, özü-özünü saldı. Yenə kimdi günahkar? Təbii ki, Abasov özü. Özü yıxılan isə ağlamaz.

Xanoğlan İmanov

Xəbər Lenti