Samir bəy, ... çantasını yığıb, gedər

22 Noyabr 2021 16:00 Köşə 1 589
Samir bəy, ... çantasını yığıb, gedər

Avropayla-filan işim yoxdur. Öz başıma gələndən bəhs edəcəm.

Deməli, çalışdığım media orqanların birində rəhbərliyin işimdən, xarakterimdən, davranışımdan, maaşın artırılması tələbimdən (çox güman, elə bu idi səbəb) – dəqiq bilmirəm, amma son vaxtlar nədənsə narazı olduğunu hiss edirdim.

Atmaca və iradlardan boğaza yığılmışdım. Bir dözdüm, iki dözdüm, görəndə ki, adam konkret mənimlə çalışmaqda maraqlı deyil, kişi kimi əl sıxıb, sağollaşdım.

Sevilmədiyim yerdə niyə qalım ki?

Eyni münasibətlə Samir Abasov üzləşməkdədir. “Neftçi”ni uzun illərdən sonra çempion edən baş məşqçi yaydan bu yana üzləşdiyi soyuq münasibətin mənasını anlamır. Ya da, anladığı halda, nəyə görəsə israr edib sevilmədiyi yerdə qalmaqda maraqlıdır.

“Ağ-qaralar”ın avrokubok matçları zamanı yaşanan mənzərəni bir anlıq göz önünə gətirək. Çempionlar Liqasında “Dinamo”nu keçən “Neftçi”nin baş məşqçisi “Olimpiakos”la oyunlardan sonra “daş atıb başını tuturdu” ki, bəs, heyət gücləndirilməlidir, bu komanda ilə uzağa getmək mümkün olmayacaq.

Eyni ssenari HİK və “Makkabi” qarşılaşmalarından sonrakı mətbuat konfranslarında da müşahidə olunmaqdaydı.

Yenə transferlərin olmaması, yenə futbolçu qıtlığı. Abasov bir xeyli giley-güzar etsə də, lazım olan mövqelərə lazım olan futbolçular cəlb olunmadı, nəticədə bakılılar üç yarışın heç birində duruş gətirə bilmədi.

Əslində, transferlər oldu. Avrokuboklarda iştirak başa çatandan, iş-işdən keçəndən sonra - Premyer Liqanın startı ərəfəsində.

Növbəti “bomba” “Qarabağ”la oyundan sonra “partladı”.

Bu dəfə “qumbaranı” məşqçilərin olduğu yerə klubdakı əsas söz sahiblərindən olan, SOCAR rəsmisi Zaur Qəhrəmanov atdı. Ki, Samir Abasovdan məşqçi olmaz, ən yaxşı halda teatrda səhnə düzəldə bilər.

Abasovdan tutarlı cavab gözlədiyimiz anda mətbuata açıqlamasında Qəhrəmanovun əsəbdən o cür danışdığını deyib, rəhbərə haqq qazandırdı. Kreslosundan bərk yapışmaqla “teatrda səhnə düzəltməyi” yaxşı bacardığını etiraf etmiş oldu.

Hə, indi “Neftçi” məğlubiyyətləri sıralayır, həm Abasov, həm də futbolçular ictimaiyyətdən təpki görməkdə davam edir. Yenilgilərdə rəhbərliyin hansı rol sahibi olduğunu əminliklə demək çətindir. Əlimizdə fakt yoxdur çünki.

Hər işi fakta bağlamaq da olmur axı. Bəzən sevilmədiyin yerdə yalandan üzünə gülürlər. Bəzən üzünə gülə-gülə...

Özünü dahi bilən, az-çox həyat təcrübəsinə sahib olan adam belə vəziyyətlə üzləşəndə, çantasını yığıb, gedir. Çünki ən yaxşı gediş növü uyğun vaxtda getməkdir. Kiminsə üzünə “get” deməsinə gərək duymadan.

Şəxsən belə etmişdim. Pulu və gələcəyi düşünmədən.

Abasov, siz niyə getmək istəmirsiz?

HƏBİB

Xəbər Lenti