Peçi(n)mizə qoyulan odun

12 Noyabr 2021 09:40 Köşə 1 806
Peçi(n)mizə qoyulan odun

Texnologiyanın sürətli inkişafı sayəsində bu gün çölün amansız soyuğunda evdə canımızı kombi, kondisioner, mərkəzi istilik sistemi ilə isitməyə imkan tapırıq.

Pulu olan da qızınır, olmayan da. Təki soyuqdan ölən olmasın.

Amma illər, əsrlər əvvəl insanlar peçə möhtac idi. Ucqar kəndlərdə indinin özündə də həmin metoddan istifadə olunur. Çox nadir evlərdə olsa da, var.

Futbolumuz da texnologiyanın və neft satışının sürətli satışı nəticəsində xeyli pullanıb.

Stadionlar tikilir, inventarlar alınır, xaricdən əcnəbi məşqçi və futbolçular gətirilir. Hədəf futbolumuzu, milliləri irəli aparmaq, Avropadakı rəqiblərlə ayaqlaşmasına şərait yaratmaq.

Lakin millilər kombidən çox o vaxtın peçini xatırladır. Adı kombi sistemidir, amma yanan köhnə peçdir. İçinə odun qoyan lazımdır ki, ildə 4-5 rəqib bu öhdəliyi boynuna götürür.

Dünən yenə hava soyuq idi. Və bu cür soyuq noyabr axşamında Azərbaycan yığması Lüksemburqu qəbul edirdi. Oyunda vurulacaq hər qol canımızı, dəqiq desək, canlarını bir az da isidəcək, oyuna maraq artacaq, səbirsizliklə sonda kimin güləcəyini gözləyəcəkdik.

Yekunda iki komandadan biri digərinin peçinə odun qoyacaqdı. Soyuq havada isinməyin başqa çarəsi yox idi çünki.

Tellur erkən “qırmızı” aldı, Şahruddin bir neçə epizodda komandamızı qoldan xilas etdi, fasiləyə qədər hesab açılmadı, rəqib 2 top fərqi ilə önə çıxdı,

Azər vurduğu qolla stadiondakı azsaylı azarkeşləri ümidləndirdi, sona yaxın hər ehtimala qarşı peçi(n)mizə daha bir odun qoyuldu ki, söhbət bağlansın.

Nə kəramətdisə, son vaxtlar Bakıya qələn qonaqların hamısı 3 odun qoymamış getmir. Sanki sözləşiblər. Portuqaliya ilə Serbiyanın qələbəsini odun effekti kimi qarşılamamışdıq. Hər halda, gücləri bəllidir.

Amma Lüksemburqun qalibiyyətindən sonra peçdəki odunların keyfiyyətini daha yaxşı hiss etməyə başladı(lar)q. Çünki həmin odunlar hələ çox canları isti saxlayacaq. Peçin(m)izdəki odunlar mübarək, cənablar!

HƏBİB

Xəbər Lenti