Aybaba haranıza yaraşır, ay baba?

10 Noyabr 2021 20:00 Köşə 1 783
Aybaba haranıza yaraşır, ay baba?

Canni de Byazi millinin Lüksemburq və Qətərlə oyunlarından qələbə ilə ayrılmağın arzusu ilə yaşayıb, AFFA ilə müqaviləsinin müddətini artırmağın xəyallarını qurduğu bu həssas zamanda assosiasiya rəsmiləri axtarışa çıxıb.

2020-nin yazında Albaniya millisini AÇ-2016-ya daşımış italyan çalışdırıcını ictimaiyyətə bəh-bəhlə təqdim edib, gələcəyin planlarını quranlar indi iki əllə başını tutub onun yerinə namizəd axtarır.

Budəfəki hədəf Xorvatiya, Almaniya, İtaliya kimi futbol ölkələri yox, qardaş Türkiyədir.

Qardaş ölkənin Vətən Müharibəsində Azərbaycana verdiyi dəstəkdən ilhamlanan başbilənlərin türkiyəli mütəxəssisləri gözaltı etməsi təsadüfi deyil.

Bu, ilk növbədə üst səviyyədə reytinqin artmasına xidmət edəcəksə, digər tərəfdən gələcəkdəki mümkün uğursuzluqların fonunda sığortalanmaq üçün əla imkandır. Biri var hansısa xorvatı, italyanı “qamçılamaq”, biri də var qardaş dediyimiz türkü. Düz gəlmir axı.

Hə, indi Türkiyədə işsiz olan az qala bütün məşqçilərin adı yığmamızla yanaşı hallanır. Ən real namizədlər Okan Burukla Samet Aybabadır.

Hətta Aybaba “Fanatik”ə açıqlamasında AFFA-dan onunla maraqlandıqlarını etiraf edib.

Gözünüz aydın, növbəti uğursuzluğun, millinin qara günlərinin bir addımlığındayıq. Söhbət Aybabadan, yaxud Burukdan getmir ha. Lap istəyir namizəd Şenol Günəş olsun, heç biri Azərbaycan millisində uğur qazana bilməyəcək.

Necə ki, vaxtilə Fuat Yaman, Rasim Kara, Mustafa Denizli, Bülent Korkmaz kimi ünlülər ölkəmizdə işləmək həvəsinə düşüb, çox keçmədən əlləri ətəklərindən uzun Türkiyəyə qayıtmışdılar.

Bu dəfə millinin “sükanı” arxasına keçən adamın aqibətin əvvəlkilərinkindən pis olacaq ki, yaxşı olmayacaq.

Bu ölkədə doğru-düzgün çempionat yoxdur. Bu ölkədə düz-əməlli uşaq məşqçisi yoxdur (1-2 istisna var). Bu ölkədə Avropa vitrininə qoyulacaq toplam 11 futbolçu yoxdur. Bu ölkədə futbol yoxdur.

Futbol adına bir “Qarabağ” var, o da Allahın biz yazıqlara göndərdiyi paydır.

Belə olduğu halda türkü məşqçini millinin başına oturdub, ona bel bağlamaq göz görə-görə daha bir neçə ilin boşa verilməsi deməkdir.

Nə Samet hoca, nə də Buruk Berti Foqtsdan, Robert Prosineçkidən, Canni de Byazidən uğurlu olan deyil. Superistedad olsaydılar, Türkiyədə “elçilər” qapılarında dayanardı.

Azərbaycan millisi kimliyindən asılı olmayaraq azərbaycanlı mütəxəssisə tapşırılmalıdır. Futbolçuları tanıyan, yerli mühitə bələd olan, çempionatı izləyən, damarlarında azərbaycanlı qanı axan azərbaycanlıya.

Ayın-günün bu vaxtı Samet Aybaba haramıza yaraşır?

HƏBİB

Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!