Kimdən qorxursuz, Ramin bəy?

8 Noyabr 2021 22:20 Köşə 1 088
Kimdən qorxursuz, Ramin bəy?

Ramin Quliyevin istefasından sonra “Sabah”ın özünə gəldiyini görmək üçün komandanın topladığı xallara nəzər yetirmək kifayət edir.

Rusiyalı Murad Musayev gələnə qədər “tələbələr”i müvəqqəti İqor Ponomaryov çalışdıranda, kollektiv “Sumqayıt”la “Qəbələ”nin qapısına 3 qol vurub, qalib gəlməyi bacarmışdı.

Musayevin siftəsi də pis alınmayacaqdı. “Zirə” ilə hesabat turunun qarşılaşmasında yenə 3 qola sevinən Masazır təmsilçisini Xuan Kamara qırmızı vərəqə almaqla pis vəziyyətdə qoymasaydı, növbəti qələbə sevinci yaşanacaqdı.

“Sabah”ın özünə gəlməsindən sonra ortaya çoxlarının marağına səbəb olan sual çıxır: 3 oyuna 7 xal əldə edən kollektiv Ramin Quliyevin dönəmində niyə bunu bacarmırdı?

Sualın ən doğru cavabını Quliyevin özü ilə söhbətdə eşitmək olardı. İstefadan sonra mətbuatdan uzaq düşən Ramin bəyi axtarıb, danışdırmaq niyyəti ilə telefonuna zəng vurdum. Cavab vermədi...

Bir müddət sonra mesaj yazıb, kimliyimi xatırlatdım ki, bəlkə danışar, sözünü deyər, grüb-bildiklərindən danışar. Mesajı oxumağına oxudu.

Lakin...
... cavab vermədi.

Bu cür hadisələrlə üzləşəndə kölgəyə çəkilməyi çıxış yolu seçən təkcə Ramin Quliyev deyil. Bu yolu uyğun bilənləri dəfələrlə görmüşük.

Hə, bəylər, niyə qaçırsız? Kimdən qaçırsız? Danışmaqdan niyə qorxursuz?

Bu və digər sualların cavabı mənim kimi, başqalarına da məlumdur.

Artıq nəsə desəz, sabah iş tapa bilmərsiz deyə, mətbuatdan uzaq qalmağı məqsədəuyğun sayırsız. Birdən dediyiniz hansısa sözə görə rəhbərlərin “qara siyahısı”na düşərsiz, eləmi?

Bu cür siyasətlə hara gedirsiz? Nəyə nail olmaq istəyirsiz? Gələcək nəsillərə nə öyrədirsiz?

Lütfən, etməyin! Sizdən əvvəl məşqçilik edənlər ən çətin durumlarda belə, ortaya çıxıb danışıb. Heç kim öldürməyib onları. Sizi də öldürməyəcəklər.

Növbəti iş arzusu ilə ağzınıza su alıb oturmaq nə adınıza yaraşır, nə seçdiyiniz sənətə. Məşqçi dediyimiz öyrədən, yol göstərəndir. Budur öyrətmək istədiyiniz?

HƏBİB

Xəbər Lenti
8 İyul 23:00 AFFA-nın pulu yoxdur?