Dillərdə dastan olan "Qarabağ"!

5 Noyabr 2021 14:00 Köşə 1 614
Dillərdə dastan olan "Qarabağ"!

"Qarabağ" dünən Konfrans Liqasının qrup mərhələsində növbəti qələbəsini qazandı. Qazaxıstana səfər edən komandamız "Kayrat"la çətin matçdan qalib (2-1) ayrıldı.

Qrupun digər qarşılaşmasında isə "Omoniya" gözlənilmədən "Bazel"i büdrətməyi (1-1) bacardı. Bununla da "Qarabağ"ın ən azı qrup ikinciliyi ilə pley-offa yüksələcəyi dəqiqləşdi.

Ölkə futbolunun yükünü çiyinlərində tək daşıyan ağdamlılar tarixi ilkə imza atmış oldu. Artıq illərdi yuxu kimi görünən pley-offda təmsilçimizin də adı olacaq. Dəfələrlə buna yaxın olan "Qarabağ" hər dəfə son anda ya şanssızlıqdan, ya da hakim səhvlərindən bunu bacara bilmirdi.

Amma Qurban Qurbanovun inadı, kollektivə aşıladığı istək nəhayət, 8-ci qrup cəhdində xəyalların gerçəkləşməsinə səbəb oldu.

Bərbad uşaq futbolu, bərbad milli komandası, bərbad futbol idarəetməsi, "Bakı liqası"ndan ibarət ölkə çempionatı olan bir ölkənin "Qarabağ" kimi komandasının olması sadəcə fantastikadı.

Hər dəfə "hazırkı futbolumuzun səviyyəsi üçün üçün bu "Qarabağ" çoxdu" dedikcə, Qurban Qurbanovun komandası bizə daha artığını bəxş etməyə davam edir.

Budur bir Azərbaycan klubu avrokubokların pley-offundadır. Bunu yazmaq, ifadə etmək yuxu kimi gəlir. Amma bu, çox şirin reallıqdır, həqiqətdir.

"Qarabağ" həqiqəti, Qurban Qurbanov həqiqəti!

Belə sevinci Azərbaycan futboluna yaşadanlar hər zaman qəlblərdə yaşamalı, dillərdə dastan olmalıdır!

Xanoğlan İmanov

Xəbər Lenti