Haqq yolda olub, nahaqqın şahidliyini etməyən "Qarabağ"!

4 Noyabr 2021 23:20 Köşə 2 428
Haqq yolda olub, nahaqqın şahidliyini etməyən "Qarabağ"!

Bir Azərbaycan klubunun avrokubokların qrup mərhələsində 10 xal qazanması…

Bu münasibətlə «Qarabağ»ı təbrik edirəm! Daha bir ilki başardılar.

Qrupdan çıxmağa bir şey qalmayıb. Pley-ofun qapısı açılıb demək olar.

Qazaxıstan səfəri bu yolda son ciddi imtahan idi, Qurban Qurbanov da, komandası da onun öhdəsindən layiqincə gəldi.

«Kayrat» Bakıda təhlükəli təsir bağışlamışdı. Qrupdakı ən çətin rəqib kimi gəlmişdi mənə. Kurban Berdiyevin yaratdığı mobil komandaya qalib gəlmək ekstra əzm, fürsətcillik, bir qədər də bəxt istəyirdi.

Çox nadir hallarda qola sevincini büruzə verən Qurbanovun adətindən bir qədər kənara çıxması, istər Bakıda olarkən, istərsə də bu gün Almatıda göstərdiyi reaksiya özlüyündə hər şeyi deyir.

Doğrudan da, «Qarabağ» Azərbaycanın ən gülüsüdür. Bugünkü oyun bir daha təsdiq etdi ki, bu komanda son ölkə çempionluğunu kənar təsir və təzyiqlərlə əlindən qaçırıb.

Avrokubokolarda nə AFFA var, nə Elxan Məmmədov, nə də Elçin Məsiyev kimi hakimlər.

Yenə də hər işdə bir xeyir var. «Qarabağ» ötən mövsümün finalında qərəzli hakimliyə görə ölkə çempionluğunu qazana bilməyəndə, buna Qurban Qurbanovdan çox pərişan olan yox idi.

O, hər şeyi öz içində çəkən, hissləri ilə başbaşa qalmağa üstünlük verən, dili ilə deyil, sifət mimikası ilə danışan insandır.

Qurbanov həmin gün gülürdü. Qurbanov həmin gün onun və futbolçularının əleyhinə birləşən qüvvələrə o gülüşü ilə istehza edirdi.

Daxilən «siz saydığınızı sayın, mən də öz işimdə olum» demək idi bu.

Və o gün gəldi. «Qarabağ» bəlkə də çempion olub, avrokuboklar mövsümünə Çempionlar Liqasından başlasaydı, bugünləri görə bilməycəkdi.

Yenə də çətinlikləri bir-bir dəf etdilər, 10 xalla növbəti tarixi yazdılar və indi də daha bir inanılmazı gerçəyə çevirməyə çox yaxındılar.

Bax, iş budur.

Bax, düzgün yanaşmasın nəticəsi budur!

Bax, səbr və əzmin vəhdəti budur.

Bax, budur, «Qarabağ»! Haqqın nazilməsinə şahid olub, nahaqqın şahidliyini etməyən «Qarabağ»!

Xəzər Hikmət

Xəbər Lenti