Azərbaycan yığmasının şərəfini Ozanın ayaqları altına atan AFFA

2 Noyabr 2021 18:00 Köşə 2 066
Azərbaycan yığmasının şərəfini Ozanın ayaqları altına atan AFFA

Türkiyə millisinin üzvü Orkun Can Kökçü Türkiyə Futbol Federasiyasının saytına müsahibə verib.

O, qardaşı, Azərbaycanın U-21 yığmasında, “Sabah”da çıxış etmiş Ozan Can Kökçü haqda da danışıb.

Onun dediklərini oxuduqca, adam xəcalət çəkir. Azərbaycan yığmasının şərəfinin ayaqlar altına atılmasından xəcalət çəkir adam.

Orkun deyib ki, Ozana Azərbaycanın əsas yığmasından təklif var. Amma Türkiyə yığmasında oynamaq ehtimalı olduğu üçün bu təklifdən imtina edir:

“Ozan Azərbaycanın U-21 yığmasında oynadı. Amma indi orada çıxış etmir. Türkiyə milli komandasına dəvət olunmaq ehtimalı olduğuna görə Azərbaycandan imtina etdi. “

Sabah”da çıxış edərkən U-21-ə çağırdılar. Qısa zamanda pasport verdilər. Qardaşım həm də Azərbaycan vətəndaşıdır.

Azərbaycan millisi onu istəyir, amma Türkiyədən təklif gələr deyə, qəbul etmir” (mənbə “Futbol+”).

Öz ölkəsinin şərəfini düşünən hər kəs belə münasibətdən xəcalət çəkər. Amma AFFA rəsmilərinin vecinə də deyil.

Uzun illərdir ki, Azərbaycan yığmasının şərəfi, beləcə ayaq altına atılıb. Xaricdən tapıb gətirdikləri, milliləşdirdikləri futbolçuları aşağı yaş qruplarına pərçim ediblər.

Onların milliləşdirilməsi üçün xeyli xərc çəkilib, Azərbaycan yığmasında oynamaları üçün cibxərcliyi verilib. Amma “böyüyüb” əsas yığma yaşına çatanda da ilim-ilim itiblər.

Ya adidən də adi futbolçu olduqları üçün yığmaya yarasız olublar, ya da öz ölkələrinin millisindən dəvət aldıqları üçün tüpürüblər AFFA-nın təklifinə.

Uzun illərdir ki, AFFA-da “futbolun inkişaf strategiyası” belə olub. İndi də belədir.

Futbol cəhənnəmə, bu “strategiya” ölkənin imicinə zərər vurub axı. Bu “strategiya” Azərbaycanı Ozan kimi futbolçuların gözündə 3-4-cü dərəcəli ölkə edib axı.

Kimin vecinədir? Bir-iki jurnalistdən, sadə azarkeşdən başqa heç kimsənin. Yeri gəlmişkən, bir “şad xəbər” də verim:

AFFA Rusiyada 22 yeniyetmə dağıstanlını, çeçeni gözaltı edib. Aşağı yaş qruplarına dəvət etmək üçün. Avropada neçə Ozanın gözaltı edildiyi isə məlum deyil.

Yazıq Vətən, sənin ləyaqətini heç kim belə aşağılmazadı ki, AFFA aşağılayır. Yəqin ki, kimlərəsə xoşdur belə münasibət. Bizim əlimizdən yazmaqdan başqa bir iş gəlmir.

Döz, Vətən, bu əzaba da döz, Allah kərimdir!

Natiq Muxtarlı

Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı