Kimi ələ salmaq lazımdır, Samir Abasovu, yoxsa...

1 Noyabr 2021 14:20 Köşə 1 550
Kimi ələ salmaq lazımdır, Samir Abasovu, yoxsa...

"Neftçi"nin Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov “Qarabağ”la oyundan sonra sosial şəbəkədə Samir Abasovu ələ salıb.

Deyib ki, Samirə 15 il də vaxt verilsə, heç nəyə nail ola bilməyəcək, uzaqbaşı, musiqili komediya teatrında səhnə quraşdıra bilər.

Haqlıdırmı? Ondan başlayaq ki, Samiq Abasov “Neftçi”yə gələnə qədər klub rəsmilərinin ünvanına hər gün “salavat” göndərirdi azarkeşlər. Samir Abasov “Neftçi”ni çempion edəndən sonra bu “salavat”lar bir qədər səngidi.

Əvəzində “Neftçi”nin Müşahidə Şurasının üzvləri, prezidenti, nə bilim, nəyi üzə çıxdı, dedilər-güldülər, poz verdilər.

Amma hər kəsə bəlli idi ki, belə idarəçilərlə bu klubu inkişaf etdirmək mümkün deyil. “Neftçi”dəki idarəetmə sistemi, bütövlükdə Azərbaycan futbolundakı – AFFA-dakı idarəetmə sisteminin surətdir.

Yəni bütün uğursuzluqların baiskarı məşqçilərdir. İdarəçilər isə heç bir məsuliyyət daşımırlar. Amma əvəzində Azərbaycan futbolu uçuruma yuvarlandıqca, idarəçilərin var-dövləti artır.

Yığma komandalarda indiyə qədər neçə məşqçi dəyişib? Heç Elxan Məmmədov da bilmir. Amma Elxan Məmmədov dəyişmir ki, dəyişmir.

Söhbət onun düşüncəsininin dəyişməsindən getmir ha. Bəllidir ki, düşüncə dəyişməyəcək. Söhbət onun AFFA-dakı vəzifəsindən gedir.

İnsafınız olsun, bəlkə bir dəfə də AFFA rəhbərliyini dəyişəsiz.

Bəlkə bu dəyişiklik düşərli olacaq. Bəlkə ondan sonra gün çıxacaq Azərbaycan futbolunda.

Düşüncəsi və vəzifəsi dəyişməyənlər belə biabırçı idarəetmə sistemində maksimuma nail olan məşqçiləri ələ salmağa cürət də edirlər.

Utanmasan oynamağa nə var ki..? Zaur Qəhrəmanov, SOCAR-ın nə qədər borcunun olduğundan xəbəriniz var?

Onun da günahkarı Samir Abasovdur?

SOCAR-ın borcu ildən-ilə artır, sizin də var-dövlətiniz. Necə olur?

Zaur Qəhrəmanov kimi kadrlar, onların toxunulmazlığıdır əsas məsələ. Adamlar əmindirlər ki, törətdikləri əməllərə görə heç vaxt məsuliyyət daşımayacaqlar.

Futbolumuz çökəcək, onlar varlanacaqlar və iş görmək istəyənləri də ələ salacaqlar. Ələ salınmalı şəxslər isə başqalarıdır, Samiq Abasov yox.

Bax, budur Azərbaycan futbolunun problemi. Təkcə futbolumuzunmu?

Natiq Muxtarlı

Xəbər Lenti