Qurban Qurbanovun işinə kor olanlar...

1 Noyabr 2021 17:40 Köşə 1 020
Qurban Qurbanovun işinə kor olanlar...

Bu gün futbol ictimaiyyətində danışanların əksəriyyəti "Qarabağ"ın heyətindən danışır.

Gah əcnəbiləri güclüdü deyillər, gah da yerlilərin səviyyəsi.

Bəli, "Qarabağ"da səviyyəli yerli və əcnəbilər var. Amma onların başında komandanı idarə edən səviyyəli mütəxəssis də var axı. Qurban Qurbanovun adını çəkmək, gördüyü işdən danışmaq bəzilərinə niyə ağır gəlir ki?

O Qurbanov ki, "Qarabağ"ın əsas simalarından sayılan Xayme Romero sıradan çıxanda ağlaşma qurmadı, Kadi Borgesi onun yerinə çəkdi. Normalda Borges cinahdan asmalarla yadda qalmalıydı. Amma o, cinahda başqa şeylər edir. Görmək üçün cinahda oynadığı müddət onun vurduğu qollar, etdiyi asistlərə baxmaq kifayətdir. Hətta qısa müddətdə mərkəzdəki qədər faydalı Borgesə çevrilib. Bu, həm də baş məşqçinin işidir.

Bədavi Hüseynov kimi müdafiənin əsas siması zədələnəndə də Qurbanov başını tutmaq yox, variant axtarmaq yolunu seçdi. Ki, Maksim Medvedevi onun mövqeyinə çəkdi.

Belə olan halda sağ cinah boşaldı ki, ora da Abbas Hüseynovu qoydu. Samir Abasovun gecə-gündüz acıladığı, aşağıladığı "Neftçi"dəki yerlilərdən heç də geri qalmayan Abbas Hüseynov...

Heç sol cinahda böyük ümidlər bəslənən Elvin Cəfərquliyev də uzun müddət sıradan çıxanda Qurbanov ağlaşma qurmamışdı.

Oturub, dərin fikirləşib, cinah yarımmüdafiəçisi Toral Bayramovu cinah müdafiəçisi kimi oynatmağa başlamışdı. İndi millidə də onu bu mövqedə oynadırlar. Halbuki ilk matçlarında "Toralla hara kimi getmək olar e" qınağı nə qədər desən vardı.

Məşqçinin işi bu olmalıdır. Əlindəki futbolçuların potensialından maksimum istifadə etməyi bacarmalıdır. Lazım olanda rotasiya etməyi, ciddi itkilər olanda onları mümkün qədər yaxşı səviyyədə sığortalamağı bacarmalıdır.

Belə misallar çox çəkmək olar. Amma nə fayda? Məncə dərs çıxarana bu qədər də yetərlidir.

Xanoğlan İmanov

Xəbər Lenti