"Neftçi" hazırkı mövsüm ikinci dəfə "Qarabağ"a məğlub oldu.
İlk dövrədə minimal hesabla uduzan (1-2) son çempionun budəfəki məğlubiyyəti daha biabrıçı hesabla gerçəkləşdi - 0:4!
Qarşılaşmadan sonra bərbad futbol, "gözqamaşdıran" hesabla gələn məğlubiyyətə Abasov yenə "don" geyindirməyə çalışdı. Ki, yerli futbolçumuz azdı, olanların da keyfiyyəti azdır və.s, və.i.
Ay Abasov, sənin yerli futbolçu probleminin səbəbi mətbuatdı, Qurban Qurbanovdu, yoxsa rəhbərlik? Məncə, heç biri!
O zaman hər mətbuat konfransında ağlaşma qurmağın, imdad diləməyin nəyin nəsidir? Mətbuata sənin nağılların yox, 21-ci dəqiqədə niyə 3-0 uduzmağın və bu dəqiqədən sonra oyuna müdaxilə üçün hansı dəyişiklər etdiyin maraqlıdır. Bəlkə, biraz da ondan danışasan?
170 min manata Xəyal Nəcəfovu sənə alan rəhbərlik başqa kimi dedin almadı ki? Bu qiymətə heç "Qarabağ" yerli futbolçu transferini hələm-hələm eləmir. "Qarabağ" xaric digər klublardakı yerlilərin 90%i, bəlkə də hamısı "Neftçi" adını eşitsə qaça-qaça gələr. Bəs niyə zamanında eşitdirmədin? Rəhbərlikdən bunu istəmədin?
Filip Ozobiçin milliləşdirilməsin əlində bayraq edirsən, məğlubiyyətə bəraət qazandırmağa çalışırsan. Əvvəla onu nə "Qarabağ"ın, nə də Qurban Qurbanovun istəyilə milliləşdirməyiblər. Digər tərəfdən isə xorvatiyalından heç də geri qalmayan və daha cavan milliləşdirilmiş Aleksey İsayev var. Onu niyə transfer etmirsən?
Hə, deyəcəksən müqaviləsi var. Xəyalın da "Sumqayıt"la müqaviləsi vardı axı. Amma istədin və niyyətinə çatdın. Deməli, seçim etsən, istəsən olar. Bu məsələdə problem rəhbərlikdə yox, səndədir. Tək Aleksey ehtiyatda oturtduğun 6-7 legioner hamsından daha sanballı simadı.
Abasov, sənə bir gənc məşqçi kimi ümidlər böyük idi. Amma "Neftçi"də işləmək xatirinə özünü dağa-divara vurub, yalanlar uydurmağın səni nüfuzdan salmaqla bərabər, həm də o perespektivini aradan aparmış olur. Gec olmadan, tutduğun yalnış yoldan geri dönsən yaxşıdır. Axı "ziyanın yarısı da xeyrdi" deyiblər...
Xanoğlan İmanov

