Haydi, Əliyar, çal o fitini!

30 Oktyabr 2021 14:40 Köşə 945
Haydi, Əliyar, çal o fitini!

İndi hamı səbirsizliklə saat 18.30-u gözləyir ki, Əliyar Ağayev start fitini çalsın və çempionatın “Şah əsəri” adlı tamaşası başlasın.

Sözün hər mənasında futbol adına bəzəkdir “Qarabağ” – “Neftçi” oyunları.

Bütün milli çempionatların iştirakçıları olan komandaların əvvəlki duelləri sıradan görünsə də, son 10 ildə aradakı intriqa izah edilməsi mümkünsüz dərəcədə artdı.

İndi ölkəmizdə top qovan legionerlər də bu qarşılaşmadan həzz alır. Həm futbolun səviyyəsi adına, həm də tribunalardakı görüntülərdən xoşhallanırlar.

Sabah vətənlərində söhbət Azərbaycan futbolundan düşəndə, deməyə sözləri olacaq. Ki, Azərbaycan derbisinin dadı bir başqadır.

Bu matç azarkeşlər üçün futbol bayramı deməkdir. “Forza Neftçi”, “İmarət”, “Neftçimaniya”, “Qarabağ Ordu” – bu və digər azarkeş qrupları hələ bir neçə ay əvvəldən “Qarabağ”la “Neftçi” arasındakı oyunların tarixini əzbər bilir.

Qarşılaşmadan əvvəlki qarşılıqlı atmacalar, görüş vaxtı tribunalardakı həyəcanlı anlar, oyundan sonra sosial şəbəkələrdəki “didişmələr” – adamın könlünü oxşayır.

Bu axşam “Azərsun Arena”da möhtəşəm görüş izləyəcəyimizə zərrə qədər də şübhə etməyə dəyməz.

“Qarabağ”lılar mütləq ki, bu rəqibə ötənilki məğlubiyyətləri unutmayıb. “Neftçi” də öz növbəsində indiki “Qarabağ”ı udmağın mümkünlüyünü “Kayrat”ın yox, “Səbail”in timsalında gördü.

Qurban Qurbanovla Samir Abasovun taktiki savaşı, usta futbolçuların meydandakı mübarizəsi, azarkeşlərin tribunadakı “atışmaları”, media sektorundakı canlanma – bu gün ruhumuzun dincələcəyi gündür.

Haydi, Əliyar, çal o fitini, ruhumuz dincəlsin!

HƏBİB

Xəbər Lenti