Qurban Qurbanovun paxıllığını çəkənlər, AFFA-dan qorxanlar...

29 Oktyabr 2021 17:00 Köşə 1 700
Qurban Qurbanovun paxıllığını çəkənlər,  AFFA-dan qorxanlar...

Azərbaycan futbolunun inkişafında təcrübəli mütəxəssislərin rolu mütləq olmalıdır. Bunu illərlə həm futbolçu, həm də məşqçi kimi qazandıqları təcrübəni bölüşməklə edə bilərlər. Çünki sahənin problemlərini və necə inkişaf edə bilməyin yollarını futbolçu və məşqçi kimi hər kəsdən daha yaxşı bilməlidilər. Bilirlərmi?

Bilən saydıqlarımız və ya bilməli olanlarımız yığılıb AFFA-nın qanadı altındakı AFFA məşqçilər komitəsinin tərkibinə. Federasiya rəhbərliyi hansı havanı istəsə, ona uyğun da oynamaq (qərar vermək) məcburiyyətindədilər.

Məsələn, biri 73 yaşlı Şöhrət Ordenli Ağasəlim Mircavadovdur. İllərini "Şəmkir", "Qarabağ", "Neftçi", "Xəzər Lənkəran" kimi klublarda keçirib. Qazandığı titulları saysan bitməz.

Digəri 61 yaşlı Əsgər Abdullayevdir. SSRİ-idman ustası, bir vaxtlar "Neftçi" "Turan", "Bakı" kimi klubları çalışdırıb. Uzun müddət Azərbaycan millisdə işləyib. Düzdü, Abdullayev bu sıralara yeni qoşulub. Amma qoşulub da...

Bir başqası 55 yaşlı Şahin Diniyevdir. Futbolçu kimi Moldova, İsrail, Rusiya kimi ölkələrdə çıxış edib. Məşqçi kimi "Kəpəz", "Qarabağ", "Terek" kimi klublarda işləmək təcrübəsinə sahibdir. Azərbaycan millisini də bir müddət çalışdırıb.

Bu qədər zəngin təcrübəsi olan adamların bu gün futbolumuza bir qara qəpiklik xeyri də yoxdur.

Çünki bunlar hazırkı AFFA rəhbərliyinin bərbad idarəçiliyinə lal olanlardı.

Bunlar Berti Foqts, Nikola Yurçeviç və De Byazi kimilərin milyonlarımızı talayıb, bir işə görməmələrinə susanlardı.

Bunlar 6 illik müqavilə bağlanan, amma cəmi 9-10 ay sonra Qurban Qurbanov kimi mütəxəssisin milli komandadan göndərilməsinə "mıkk" eləməyənlərdi. Niyə onda səsiniz çıxmırdı? Həmkar dediyiniz adamı müdafiə etmirdiniz? Çünki sizləri Azərbaycan futbolu yox, öz maraqlarınız düşündürür.

İndi durub gənc mütəxəssislərimizə "ağıl" öyrətməyə cəhd edirsiniz. Gizlində və ya aşkarda. Heç olmasa abırınıza kor olasınız, bəlkə?

Fəaliyyətinizin ən yaxşı qiymətini bir neçə gün əvvəl elə sığındığınız AFFA rəhbərliyi verdi. Ki, hər üçünüzü də göndərdi lazımsız, mənasız layihə olan Region Liqasının püşkatmasına. Gənc mütəxəssislərimiz sizlərdən belə nümunə götürsünlər, belə öyrənsinlər? Tövbə-tövbə...

Xanoğlan İmanov

Xəbər Lenti