Emil, dəyərini bil və "Qarabağ"dan get!

28 Oktyabr 2021 14:00 Köşə 2 963
Emil, dəyərini bil və "Qarabağ"dan get!

Emil Balayev "Qarabağ"a transfer ediləndə, mütəxəssislər tərəfindən məhz onun əsas qapıçı olacağı fikri yüksək qiymətləndirilirdi. Amma zaman tam əksini göstərdi.

Yeni komandasında Şahruddin Məhəmmədəliyevlə rəqabətdə uduzan Emil Balayev milli komandanın əsas heyətindəki yerini də itirmiş oldu. İndi isə heç həmkarının əvəzləyicisi rolunu da yerinə yetirə bilmir.

İnsafən, Qurbanov üçün "Şah" əsas qapıçı olsa da, fürsət düşən kimi Emilə də şans vermiş olur. O isə hər dəfə təcrübəli mütəxəssisin ümidlərini puç edir.

Balayev təkcə son turun "Səbail"lə matçında kobud səhvləri ilə yadda qalmayıb. O, "Qarabağ" forması ilə həm ötən mövsüm, həm də bu il şans qazandığı bütün oyunlarda demək olar kobud səhvləri ilə yadda qalıb.

Əsla "Balayev zəif qapıçıdı" iddiasını etmirik. O, özünun əsl gücünü çox yaxın tarixdə həm milli komandada, həm də Qazaxıstan karyerasında göstərə bilib.

"Qarabağ"dakı səhvləri isə açıq-aşkar davamlı oynamamsı ilə bağlıdır. Deməli, əvəzləyici olmaq, ehtiyatda oturub şans veriləndə qapıda əla dayanmaq Balayevlik deyil.

O, getdiyi yerdə əsas qapıçı olmalı, davamlı şans qazanmalıdır. Məsələn, "Tobol"da olduğu kimi. Az qala bütün Qazaxıstan onun əla çıxışından danışırdı. Boş yerə milli komandamızın da əsas qapıçısı olmamışdı ki...

Bu gün "Qarabağ"da əsas heyətdə durmaq nəsib deyilsə, vacib deyil ki, əvəzləyici statusuna razılaşasan. "Qarabağ"da əvəzləyici olub, karyeranı boşa xərcləməkdənsə, "Zirə"nin, "Sabah"ın bir nömrəsi olmaq daha məntiqli və doğru olar.

Emil, lap Qazaxıstana da qayıtmaq olar. Amma yetər ki, "Qarabağ"dakı statusdan əl çəkəsən. Yox, "təki "Qarabağ"da olum" düşüncəsində qalacaqsansa, bir müddət sonra adını çəkdiyim digət klublara da "bir nömrə" kimi lazım olmayacaqsan. Zamanında dəyərini bil və "Qarabağ"dan get!

Xanoğlan İmanov

Xəbər Lenti