Növbəti OYUN! AFFA millinin baş məşqçisini ortaya çıxara bilmədi

27 Oktyabr 2021 17:40 Köşə 1 715
Növbəti OYUN! AFFA millinin baş məşqçisini ortaya çıxara bilmədi

Əsas milli ilə U-21-ə başçılıq edən Canni de Byazi və Milan Obradoviçin atmacaları futbol ictimaiyyəti kimi, yerli məşqçiləri də boğaza yığıb.

AFFA-ya söykənərək hər dəfə ağıllarına gələn sözlərlə gündəmi bəzəyən bu iki mütəxəssis gah futbolçuların fiziki hazırlığından gileylənir, gah limitin dəyişdirilməsini təklif edir, gah da...

Elə son vaxtlar ortaya çıxan mövzular ətrafında danışmaq istəyirdim onlarla. Ki, görüm, dərdləri nədir, nədən gileylənirlər, üzərilərinə düşən işləri layiqincəmi görürlər, nədir onları narazı salan və s. və i.

Məlum oldu ki, adamlara AFFA ilə əməkdaşlıq etməyən saytlardan başqasına qadağan olub.

Qurumun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla bir neçə ay əvvəlki müraciətimdə Canni de Byazinin müsahibə vermək istəmədiyini demişdisə, bu dəfə Milan Obradoviçin danışmaq həvəsində olmadığını bildirdi.

Halbuki, italyan çalışdırıcı bəndənizə imtinadan sonra bir neçə dəfə efirlərdə görünüb, serbiyalı isə, işinə yarayanda danışır. Həm də, necə lazımdır.

Adamların assosiasiya ilə müqaviləsi varsa, burda çalışırlarsa, ölkənin əsas komandalarına rəhbərlik edirlərsə, müsahibə vermək boyunlarının borcudur. Danışmaq istəmir nə deməkdir?

Hə, həmin gün əhvalı yerində olmaz, ortaya hansısa problem çıxar, başqa günə razılaşar, başqa məsələ. Amma kabinetdə oturub “danışmaq istəmirəm” demək – bunun adı yoxdur.

AFFA rəsmiləri həmin məşqçilərin diqqətinə ya jurnalistlərlə müsahibədən qaçmamağı tövsiyə etməlidir, ya da, hamıya eyni gözlə baxmağı öyrətməlidir.

Əslində, bunu AFFA-dakıların özlərinə öyrədən lazımdır. Məşqçilərə danışmamağın yolunu göstərən onlar deyil məgər?

De Byazini ürəkləri istəyəndə “CBC Sport”un efirinə, lazım gələndə uzaq Qarabağa göndərən başbilənlər əcnəbi məşqçilərin müsahibə verməkdən boyun qaçırmasını keflərinin belə istəməsi ilə əsaslandırır.

Görəsən, səhərin gözü açılmamış yanınıza salıb, hansısa məktəbin həyətində süni örtüklü meydanının açılışına aparanda, niyə “getmirəm” demirlər? Onda niyə kefləri belə istəmir?

İllərdir fırıldaqlarla Azərbaycan futbolunu qara günə qoyan həmin şəxslər indi də məşqçiləri gizlətmək, lazım olan vaxtda, lazım olan sayta danışmaqlarına şərait yaratmaq yolunu seçib. İşiniz avand olsun!

HƏBİB

Xəbər Lenti