Zəfərin mübarək olsun, "Qarabağ"!

22 Oktyabr 2021 19:40 Köşə 1 037
Zəfərin mübarək olsun, "Qarabağ"!

"Qarabağ" Konfrans Liqasınının H qrupunda növbəti qələbəsini qazandı. Amma bu təmsilçimiz üçün heç də asan başa gəlmədi.

Açığı, oyundan öncə əksəriyyət "Kayrat"la oyunda komandamızın qələbəsinə çox inanırdı.

Amma Qazaxıstan təmsilçisini məşhur Kurban Berdıyevin çalışdırması müəyyən qədər narahatlıq yaradırdı.

Qarşılaşmanın ilk dəqiqələrindən narahatçılığımızın əbəs olmadığı üzə çıxdı. Təcrübəli mütəxəssis "Qarabağ"ı yaxşı analiz edə bilmişdi.

Bunun nəticəsində ilk dəqiqələrdən sürətli hücumlarla erkən qol vurmaq istəyən komandamızı rəqib elə mərkəzdə qarşılamaqla bu istəyinə mane olurdu. Hətta bəzən "Kayrat"ın kompakt müdafiəsi Medina və Maksimin önündən başlayırdı.

Sürətli yerdəyişmələr, top olan zonalarda çoxalmaq tapşırığını "Kayrat"lı futbolçular yüksək səviyyədə yerinə yetirirdi. Məhz buna görə "Qarabağ" heç bir vəcdlə qonqaların qapısına yaxınlaşa bilmirdi. Qapıya yaxınlaşmaq bir kənara, qazaxlar uzaqdan zərbələrə belə imkan yaratmırdılar.

Belə tempdə 90 dəqiqə müdafiə olunmağın mümkünsüz olacağı dəqiq idi. Artıq ilk 45 dəqiqənin sonlarında sanki rəqibdə bir qədər yorğunluq yarandı. Bu da müəyyən boşluqların yaranmasına yol açdı.

Ki, ilk hissədə yeganə təhlükəni də onda yarada bildik. Zubirin cinahdan ötürməsinə Filip Ozobiç baş qoysa da rəqib qapıçı zərbəni dəf edə bildi. Buna kimi isə 18-ci dəqiqədə qonaqlar Jose Kantenin penaldan vurduğu zərbə ilə önə keçməyi bacarmışdı.

Fasiləyə məğlub yollanan "Qarabağ" ikinci hissəyə eyni heyətlə başladı. Açığı, ilk hissə göstərdi ki, belə müdafiəyə qarşı sistem və ya oyunçu dəyişikliyi yox, rəqibi daim təzyiqdə saxlamaq vacibdir. Ancaq bu halda onları səhvə məcbur etmək olar. Bir də standart vəziyyətlərdə ev tapşırığı dadımıza çata bilərdi.

İkinci hissənin gedişi göstərdi ki, Qurbanov da bu taktikanı seçib. Amma təcrübəli mütəxəssisin əl-qolunu qismən bağlayan sağ cinahda Xayme Romeronun yoxluğuydu. İspaniyalının mövqeyinə çəkilən Kady Borges isə mərkəzdə verdiyi effektiv oyunu cinahda göstərə bilmirdi.

Bunun fonunda demək olar bütün cəhdlərimiz yalnız sol cinahda Abdullah Zubirlə həyata keçirilirdi. İnsafən, o da üzərinə düşəni artıqlaması ilə bacardı.

Fasilədən sonra komandamız ardıcıl iki ev tapşırığı həyata keçirdi. Öncə ənənəvi künc zərbəsindən sonra Kady Borgesin zərbəsi rəqib müdafiəçiyə dəyməsəydi hesab bərabərləşə bilərdi.

Növbəti cəhddə isə cərimə zəribəsi zamanı Ozobiçin başlatdığı ev tapşırığı bir bəhrə vermədi. Vadjinin əla baş zərbəsi müdafiəçiyə dəyincə Kadi Borgesin önünə düşdü.

Onun zərbəsi də toru yandan sirkələdi. Ümumiyyətlə, Vadji fərqlənə bilməsə də meydanda olduğu 70 dəqiqə rəqibi daim təzyiqdə saxlamağı bacardı.

60-cı dəqiqədən sonra "Qarabağ"lı futbolçularda tədricən yorğunluq özünü göstərməyə başlayırdı. Amma bu bu dəqiqələrdə təzyiqi əsla dayandırmaq olmazdı.

Bunu yaxşı başa düşən Qurbanov vaxt itirmədən yorğun Vadjeni Ramil Şeydayevlə əvəzlədi. Məhz bu dəyişiklik sürət azalmasının qarşısını almış oldu.

Bərabərlik qolu isə özünü çox gözlətmədi. Cəmi 9 dəqiqə sonra Zubirin cinahda növbəti başgicəlləndirən hərəkətlərindən sonra qapı önünə etdiyi asmaya Filip Ozobiç baş qoydu.

Onun əla zərbəsinə rəqib qapıçı da eyni gözəlliklə reaksiya verdi, amma qayıdan topa Ramil Şeydayev vaxtında endirdiyi baş zərbəsi ilə nəhayət bərabərlik qolunu vura bildi.

"Qarabağ"lı futbolçular yalnız bundan sonra nisbətən rahatlaşdı. "Kayrat"a evdə məğlubiyyət növbəti mərhələ perespektivlərinin sonu ola bilərdi. Bərabərlik isə ən azından minimum vəzifənin yerinə yetirilməsi demək idi.

Amma komandamız bununla da kifayətlənməyərək hücumlarını davam etdirirdi. 86-cı dəqiqədə Qara Qarayevin əvəzinə Riçard Almeydanın meydana çıxması növbəti yerində edilmiş əvəzetmə oldu.

Braziliyalı meydanda olduğu qısa müddətdə rəqibin ən az 3-4 sürətli əks-hücuma çıxmaq cəhdinin qarşısını aldı. Bu, həm də rəqib qapısı ağzında təzyiqimizin azalmasının qarşısını almış oldu.

Nəhayət, "Qarabağ" haqq etdiyi qələbə qolunu yalnız 91-ci dəqiqədə vura bildi. Maksim Medvedevin zərbəsi yolüstü rəqib müdafiəçiyə dəyərək Abbas Hüseynovun qarşısına düşdü.

Cinah müdafiəçinin zərbəsi isə qarşısıalınmaz oldu. Göz yaşları ilə qeyd edilən qələbə qolunu həm də növbəti mərhələyə atılmış iri addım kimi dəyərləndirmək olar.

Belə oyuna, belə sonluğa görə isə "Qarabağ"a, sadəcə, alqış düşür. Zəfərin mübarək olsun, "Qarabağ"!

Xanoğlan İmanov

Xəbər Lenti