Rahat yat, qardaş!

20 Oktyabr 2021 17:40 Köşə 883
Rahat yat, qardaş!

Futbolu onun səsiylə sevmişdik.

Onda hələ “İdman Azərbaycan” yaranmamışdı.

AzTV-də Elnur Əşrəfoğlu idi, Altay Əliyev, bir də, çoxlarının qəbul etmədiyi Fikrət Adıgözəlli. Qulaqlarımız onların səsinə alışmışdı.

Milli və klub turnirlərindəki şərhlərinə diqqətlə qulaq asar, “bir gün mən də onlar kimi ola biləcəyəmmi” sualı ilə idman jurnalistikasına həvəs göstərirdim o vaxt.

Elnur ola bilməsəm də, səsini və şərhini bəyəndiyim şəxsiyyəti yaxından tanımaq imkanım oldu. Və bu tanışlıq mənim üçün Elnur ola bilməkdən min dəfə üstün idi. Çünki Elnur artıq ətrafımda olan 5-10 dəyərli insanlardan biriydi.

O, təkcə idman şərhçisi deyildi. O, təkcə klub rəsmisi, mətbuat katibi, müşavir deyildi. O, təkcə futbolla yaşayan və bu oyunu ustalar kimi oynamağı bacaran idman jurnalisti də deyildi.

O, şəxsiyyət, nümunəvi insan, çətin günlərdə kürəyini kürəyinə söykəyə biləcəyin Elnur idi.

Az qala hər söhbətində idman jurnalistikasının mövcud durumundan gileylənir, çəkinmədən vəziyyətin bu cür olmasının əsas səbəbkarı kimi özümüzü günahlandırırdı.

Müsahibələrimi oxuyar, irad və ya təklifi olanda zəng vurub, “gərək filan sualı da verərdin” deyərdi. Hətta keçmişini dərindən bilmədiyim müsahiblərlə danışmamışdan əvvəl onunla məsləhətləşməyimi tövsiyə etmişdi mənə.

Elnurla bağlı xatirələr o qədərdir ki. Bir kitaba sığmayacaq qədər bəlkə. Təcrübəli jurnalistlər, “isti” məclislərdə tez-tez yanında olanlar daha çox bilir, daha çox yazıb-danışmağı haqq edir.

Mənim bildiyim odur ki, Elnur kimi istedadlar heç vaxt unudulmur. Özü getsə də, Elnur Əşrəfoğlu ad-soyadını bizə və övladlarına miras qoydu.

O iki balası hər zaman, hər yerdə başlarını dik tutub, “mən Elnur Əşrəfoğlunun övladıyam” deyə biləcək qədər güclü və cəsarətli olacaq.

Avqustun 5-də “feysbuk”da yuxarıdakı şəkli paylaşıb, Cabir Novruzun “Tələsin insanlar”ından bir bənd yazmışdı.

Nə olar, bu dünya uçmayacaq ki,
Dərdli ürəklərin sevinci olun,
Siz günah yumaqda birinci, ilkin,
Günah işləməkdə mininci olun.

Sanki misralarda özü təsvir olunmuşdu deyə, sözlər ona xoş gəlmişdi. İnsanları da özü kimi dərdli ürəklərin sevinci olmağa səsləyirdi.

Paylaşdığı həmin şəkil və misralardan sonra gözlərini işıqlı dünyaya ömürlük yumdu Elnur.

Rahat yat, qardaş! Ruhun şad olsun! Hər zaman ürəklərdə və ağıllarda yaşayacaqsan.

HƏBİB

Xəbər Lenti