Pullu kişinin ac balası

17 Oktyabr 2021 16:20 Köşə 1 479
Pullu kişinin ac balası

Aranızda kimsə pullu atanın oğlunun “acından öldüyünü” görüb, ya eşidib? Şəxsən mən görüb-eşitməmişəm.

Kiminsə də gördüyünə, açığı, inanmağım gəlmir.

Amma belə biri var. O, “Səbail”dir. Bakının ən prestijli yeri sayılan Səbail rayonunun kasıb, imkansız komandası.

Klubu yaradıb Premyer Liqaya urcah edənlər mütləq ki, klub-komandanın hazırkı durumundan xəbərdardır. Bayılı təmsil edən komanda ilk illərdə uğurlu təsir bağışlayır, avrokuboklara qatılır, gələcəyə ümid verirdi.

“Bayıl Arena”nın adını dəyişib “ASCO Arena” edəndə, stadion ərazisindəki inzibati binanın üstünə bir mərtəbə də qoyanda, düşünürdük ki, klubun maliyyə imkanları da artacaq, “ASCO Arena”nın asfaltında güllət bitəcək. Əksi oldu.

Bu gün yaxasında “Səbail”in loqosunu daşıyanlar hər şeydən narazıdır. Adamları razı salacaq heç nə yoxdur çünki.

Dünən “Keşlə”ylə oyundan sonra Aftandil Hacıyev uğursuzluyun səbəblərindən biri kimi süni örtükdə məşq edib, oynamalarını göstərdi.

Adam dediyində haqlıdır. Bu gün çempionatdakı bütün komandalar təbii otun üstündə qaçdığı halda, “Səbail”in formasını geyinənlər “sintetika”da can verir. Biri əzələsini dartır, o biri yorulur. Baş məşqçi işləməkdə problemlərlə üzləşir.

Tək ot problemi olsaydı, nə dərd?

Klubun maliyyə durumu xeyli pisləşib. Bu gün “dənizçilər” çempionatın ən kasıb komandasıdır. Hacıyev məcburiyyətdən 3-5 minlik legionerlərə, yaşı 30-u keçmiş yerlilərə və digər komandalara lazım olmayanlara bel bağlamağa məhkumdur.

Bunun məntiqli nəticəsi isə Premyer Liqanın turnir cədvəlindəki yerləşmədə özünü göstərir.

Pulun azlığı bir yana, adamlar qəpik-quruşlarını da vaxtında ala bilmirlər axı. Az qala hər ay gecikmələr yaşanır, uğurlu nəticələrin qarşılığı özünü uğurlu pul mükafatlarında tapmır.

Qısası, “Səbail”in tək amalı çempionatı yola vermək, Premyer Liqada bu adı qoruyub saxlamaqdır. Buna qorumaq demək olarsa.

Əksinə, prestijli rayonun adı futbol təsərrüfatında məhv olub gedir. Başbilənlərin ruhu da incimir. Çünki aralarında heç biri əslən Bayıldan, İçərişəhərdən, Çəmbərəkənddən deyil.

Ona görə də “Səbail” məhv olub gedir ilbəil.

HƏBİB

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!