Futbolumuzun adamı ağladan keçmişi – İndi gəl, axşama müsahib tap!

7 Oktyabr 2021 21:00 Köşə 1 761
Futbolumuzun adamı ağladan keçmişi – İndi gəl, axşama müsahib tap!

Bəzən Azərbaycan futbolunun bu gününü lağlağa obyektinə çevirənləri görəndə təpəmə cin vurur.

Pis təsir edir mənə. Xətrimə dəyir. Amma qarşımdakına çox şeyi başa sala bilmirəm.

Deyə bilmirəm ki, sən futbolumuzun keçmişindən bixəbərsən.

Bilirsiz, nəyə oxşayır? Bir kişi olur, yaxşı vaxtlarında sözünün qabağında duran tapılmır. Xətir-hörməti, adının çəkisi öz yerində. Görənlər səcdə edir, əyilib əlindən öpür. Adam qırmızı işığı görmür, yaşıl işığı tanıyır ancaq.

Və günlərin birində həmin adamı şərləyib, əl-qolunu bağlayıb, hər şeydən məhkum edirlər. Nəfəs alması kimlərə sərf etmir. Vaxtilə qarşısında əyilənlər gün gəlir onu ələ salır.

İndi mənim futbolum bu vəziyyətdədir. Şərlədilər, əl-qolunu bağlayıb, hər şeydən məhrum edib, atdılar “içəri”. Heç nəyi yoxdur, bircə quru adı qalıb. Ona görə də bilib-bilməyən indiki halına gülür, ələ salır.

Amma Azərbaycan futbolunun keçmişi olub axı. Hər dəqiqəsi, hər saniyəsi bir hadisə, bizim üçün yazı, sizin üçün oxu mövzusu idi.

“Turan”ın baş məşqçisi Naci Şensoy hakim idarəçiliyindən bezib, AFFA-nın binasını partladacağına dair ultimatun verirdi.

Elə həmin “Turan”ın prezidenti Musa Süleymanov Şensoyla müqavilə detallarını müzakirə etmək üçün kabinetinə dəvət edəndə, ayaqlarını qaldırıb masanın üstünə qoyurdu. Naci bəy də işdən qovulandan sonra vaxtilə üzləşdiyi hadisəni mətbuata nəql edirdi.

Kaxaber Tsxadadzenin az qala hər mətbuat konfransında özündənrazı açıqlamaları ciddi səs-küyə səbəb olurdu. Öz dili ilə jurnalistləri üstünə qaldırırdı.

“Bakı”yla “İnter”in oyununda Georgi Lomaya oğlu yaşda, ayağı boyda Nurlan Novruzovun dalınca qaçırdı, yekunda oyun yarımçıq dayandırılırdı.

“Neftçi” azarkeşləri məşqçi kimi qəbul etmədikləri Hans-Yürgen Gedenin boynunun arxasını sillə ilə qızardırdı.

Güloğlan Cabbarov Con Toşakla oğlunun “Neftçi” qarşı hörmətsizliyi ilə qəbullanmayıb kikboks zərbələri ilə “Xəzər Lənkəran”lıları bir-bir yerə sərirdi.

“Neftçi” – “Xəzər Lənkəran” oyunları isə bir tarix idi. Hər oyunda yüzlərlə oturacaq sındırılır, hakimlər azarkeşin daş-qalağından gizlənmək üçün paltardəyişmə otağında yerə sərilir, azarkeşlər polis bölməsinə aparılırdı.

Rəhmətlik Böyükağa Hacıyev Mirça Rednikin nənəsinə atmaca atırdı, rumın çalışdırıcı başqa bir oyunda əsəbdən başındakı papağı çıxarıb yerə çırpırdı.

“MKT-Araz”ın məşhur futbolçusu Artyom Bezrodnı içkinin təsirindən isti otağında yox, İmişlidəki qəbirstanlıqda gecələyirdi.

“Karat”la oyundakı hakim haqsızlığına dözməyən “Qarabağ”ın direktoru Əmrah Çəlikəl meydana daxil olub üsyan edirdi.

Zeynal Məmmədov “Bakı”nın futbolçularını başına yığıb Bülənt Korkmazdan gizli iclas keçirirdi, bundan xəbər tutan ünlü “Qalatasaray”lı kreslosuna tüpürüb gedirdi.

O qədərdir ki, saymaqla qurtarmaz. Adam bu və digər yaşananları gözlərinin önünə gətirəndə, duyğulanır, kövrəlir. Nə gözəl günlər idi, İlahi.

Razıyam, aralarında heç də xoş olmayan hadisələr çox idi. Amma keçmək olardı.

Onsuz da, futbol nə o vaxt var idi, nə də indi var. Əvəzində, o vaxt ləzzət, dad-duz var idi. İndi o yoxdur. Azarkeşləri stadionlara təkcə yararsız qazonlarda oynanılar futbol yox, həm də futboldan kənar məqamlar həvəsləndirirdi.

İndi hər şey adiləşib, robotlaşıb. Hadisə yaşanmır, qalmaqallı açıqlama verilmir, gündəm müəyyənləşmir. Artıq məşqçilərlə futbolçular da standartlaşıb.

Sanki kimlərsə bunlara necə danışmağı, nə demək lazım olduğunu əzbərlətdirir. Açıqlama, müsahibə - hamısı şablondur, oxucuya “gəl-gəl” deyən heç nə tapmırsan.

Danışanı da ağzını açmağa peşman edirlər. Gör nə vəziyyətə düşmüşük ki, Rəşad Sadıqov çəkidə biri bu gün hakimləri tənqid edir, növbəti dəfə haqsızlıqla üzləşəndə çox danışmaq istəmədiyini bildirir.

Jurnalist tənqid edir, hansısa klubun, yaxud qurumun yarıtmaz siyasətini, işi ifşa edir, ertəsi güc strukturunda gələn zəngi qəbul etmək məcburiyyətində qalır.

Futbol heç nə olub. Maraqsız, dadsız, duzsuz. Odu söndürüb, külü ilə oynayırıq...

...İndi gəl, axşama danışdırmağa müsahib tap.

HƏBİB

Xəbər Lenti