De Byazinin boynunun borcu

6 Oktyabr 2021 19:00 Köşə 1 213
De Byazinin boynunun borcu

Azərbaycan millisi doğma azarkeşləri önündə rəsmi oyunlardakı son qələbəsini 3 il əvvəl qazanıb.

2018-in noyabrında. Millətlər Liqasında. Qurban Qurbanovun baş məşqçi olduğu dönəmdə.

O vaxtdan bu yana xeyli vaxt keçib, yığmanın “sükanı” Nikola Yurçeviçin əlində olub, çox keçmədən yerini verib Canni de Byaziyə.

Lakin bu iki əcnəbi birlikdə son 3 ildə paytaxtımızda keçirilən oyunlarda futbol azarkeşlərinə 3 xal sevincini yaşada bilməyib. İki bacı məsəli kimi...

Hə, indi o vaxt çatıb. Yığma birisigün əzəmətli Bakı Olimpiya Stadionunda İrlandiya yığmasını qəbul edəcək.

Cəmi bir ay əvvəl Dublində məğlub etməyə yaxın olduğu həmin o komandanı. Gələn ay isə Bakıda Lüksemburqla matç var.

Millinin bu iki qarşılaşmadan qələbə ilə ayrılması Canni de Byazinin boynunun borcudur.

Niyə məhz onun? Çünki bu gün üçün lazım olan bütün şəraitə sahibdir. Qalır düzgün heyət və taktiki sxem müəyyənləşdirməklə italyan olduğunu tək pasportdakı sözlə yox, həm də işi ilə sübut etmək.

Yığma “doğma divarlar“ arasında oynayacaq. Yəni səfər-məfər bəhanəsi yoxdur. Heyətlə bağlı ciddi narahatlıq yoxdur.

Maşallah, hamısı formadadır. Üstəlik, Konfrans Liqasının qrupunda oynayan “Qarabağ”lıların gözlərindən “od çıxır”.

Əvvəlki illərdən fərqli, indi Mahir Emreli, Namiq Ələsgərov, Anton Krivotsyuk kimi futbolçular legioner həyatı yaşayır.

Üstəlik, Anatoli Nuriyevlə Rüfət Əhmədzadə də var.

İrlandiyanı, yaxud Lüksemburqu udmaq üçün baş məşqçiyə bundan artıq nə lazımdır?

De Byazi məşqçi kimi tükənmədiyini, çətin şəraitdə işləmək bacarığına sahib olduğunu göstərmək istəyirsə, millimizə qrupun son matçlarında xallar qazandırmalıdır.

Əks halda, Dublindən gətirilən 1 xalı şalvarının cibinə qoyub, üzü Milan tərəfə getməkj məcburiyyətində qalacaq.

HƏBİB

Xəbər Lenti