Bir ölkənin futbolunda yüz Çingiz Abdullayev olunca...

4 Oktyabr 2021 17:00 Köşə 995
Bir ölkənin futbolunda yüz Çingiz Abdullayev olunca...

Azərbaycan futbolunun əsas bəlasından biri də odur ki, futbol təsərrüfatında olanlar bu sahənin problemlərini deməyə cəsarət etmirlər.

Hər şey jurnalistlərin boynundadır. Jurnalistlər yazmalı, məsələn, Vaqif Sadıqov da çıxıb deməlidir ki, onların yazdıqlarına fikir verməyin, hər şey nəzarət altındadır.

Belə futbol “mütəxəssisləri”nin susmasını, ya da “təkzib dəllalı” olmasını anlayışla qarşılayıram. Nöşün ki, bir tikə çörəyə möhtacdırlar. Sözün düzünü desələr, o bir tikə çörəyi də tapa bilməyəcəklər.

Amma bir tikə çörəyi futbol təsərrüfatından çıxmayan klub funksionerləri də var axı. Şöhrətləri də dünya boyda. Məsələn, biri elə “Neftçi”nin müşahidə şurasının sədri Çingiz Abdullayev. “Neftçi” avrokuboklarda kötəklənəndə ilim-ilim itib, ta o vaxtdan bəri “gördüm” deyən olmayıb. Amma “Neftçi” qrupa düşsəydi, yəqin ki, stadionda poz verəcəkdi.

Belə yerdə “bir ölkənin futbolunda yüz Çingiz Abdullayev olunca, bir Kayrat Boranbayevin olması yaxşıdır” deməyə bilmirsən. Kimdir Kayrat Boranbayev? Qazaxıstanın “Kayrat” klubunun müşahidə şurasının üzvü. Adam Qazaxıstan futbolunun problemlərini car çəkib. Və məlum olur ki, qazaxlar da biz dərddədirlər. Pul var, futbol yox.

Onlarda da uşaq futbolu yox imiş, infrastruktur da bərbad. Görün nə deyir Kayrat müəllim: “Gəlin düz danışaq, bizdə uşaq məşqçiləri qəpik-quruş alırlar. Ona görə də onlar hansısa şəxsi məktəblər açırlar ki, uşaqların valideynlərindən pul alsınlar. Amma bu məktəblər ölkə futboluna heç nə vermir. Deyirlər ki, Qazaxıstanda mindən çox futbol meydançası tikiblər. Hanı onlar? Bizdə stadion yoxdur, uşaqların oynaması üçün yer yoxdur. Bizdə bütün məşqçilər karusel kimi fırlanırlar. Bu klubdan o kluba, o klubdan bu kluba. Baxın, Muxanov yenə də “Aktobe”yə qayıtdı. “Bizdə futbol yoxdur” deyəndə məndən inciyirlər. Bəli, bizdə futbol yoxdur. Özümüzü aldatmayaq”.

Bu sözləri Kayrat müəllim Qazaxıstan futbolu haqda yox, məsələn, Çingiz müəllim Azərbaycan futbolu haqda desəydi, nə deyəcəkdik? Deyəcəkdik ki, əhsən, həqiqəti deyir. Amma deyə bilmirik, çünki Çingiz Abdullayev Kayrat Bornabayev deyil, həqiqəti deyə bilməz.

Onu “Neftçi”nin kiçik uğurları maraqlandırır ki, şəkil çəkdirmək, poz vermək fürsəti olsun. Çingiz müəllimi futbolun problemləri maraqlandırsaydı, sual edərdi ki, ölkədə 200 min uşaq futbola məşğul olursa, AFFA millinin aşağı yaş qruplarına oyunçuları Biləcəridən o tərəfdə niyə axtarır ki?

Ola bilsin ki, Qazaxıstanda futbol inkişaf etsin. Çünki bu ölkədə futbolun problemlərini bilirlər və onları deyə bilən mütəxəssislər, funksionerlər var. Biz də isə futbolun problemləri heç vaxt həll olunmayacaq. Çünki bu problemləri deyən jurnalistlər varsa da, onların ağzından vuran mütəxəssislər - “təkzib dəllalları” və gizlənən funksionerlər, məsələn Çingiz Abdullayev var. Bu ölkədə futbolun problemləri niyə həll olunsun ki?

Natiq Muxtarlı

Xəbər Lenti