Qvardiolanın Azərbaycan Premyer Liqasndan xəbəri olsa…

30 Sentyabr 2021 13:00 Köşə 2 282
Qvardiolanın Azərbaycan Premyer Liqasndan xəbəri olsa…

Avropanın böyük çempionatlarında məşqçilər mütəmadi olaraq təqvimdən gileylənirlər.

Haqları da var.

Təqvim o qədər sıxdır ki, futbolçular tez-tez zədələnirlər ki, bu da ilk növbədə məşqçilərin planını pozur.

Məsələn, bu yaxınlarda “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola da təqvimdən gileylənmişdi. Bildirmiş di ki, az qala həftədə 3 oyun keçirməklə futbolçuların sağlamlığını təhlükə altına atırıq.

“Siti” həftə ərzində həm çempionat, həm, kubok, həm də avrokubok qarşılaşmalarına çıxır. Özü də hər qarşılaşma üçün min kilometrlərlə məsafə qət edilir.

Amma böyük çempionatlar, böyük turnirlər çoxlu qazanc gətirdiyi üçün bu problemi həll etmək olmur.

Qvardiolanın bir həmfikir həmkarı da Azərbaycanda tapılıb. “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov da təqvimdən şikayətçi olub.

Şikayətini də belə əsaslandırıb ki, 2 turdur rəqiblər “Sumqayıt”dan 1 gün artıq istirahət edirlər.

Qvardiola bu fikirləri oxusa, elə bilər ki, yazıq “Sumqayıt” da həftədə 3 oyun keçirir. Həftədə 3 oyun keçirən komandanın məşqçisi üçün 1 gün artıq istirahət göydəndüşmədir.

Qoy Qvardiola Azərbaycan çempionatındakı təqvimdən bixəbər olaraq Ayxan Abbasovun halına acısın. Amma biz kövrələ bilmərik axı.

Yazıq “Sumqayıt” sentyabr ayında cəmisi 3 qarşılaşmaya çıxıb ey. Yəni hər 10 gündən bir. Özü də hər qarşılaşma üçün cəmi-cümlətanı 30 km məsafə qət edib. Sumqayıtdan Bakıya gedib, Bakıdan Sumqayıta qayıdıb.

Onda göz yaşı nə üçündür? Axı komanda kubok oyunlarına çıxmır, avrokuboklarda da iştirak etmir. Ay ərzində də çempionatda vur-tut, 3 oyuna çıxırsansa, nədən narazılıq edirsən? Nədən yox, niyə narazılıq edirsən?

Natiq Muxtarlı

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"