Mahir Emreliyə xeyir gətirəcək MƏSLƏHƏT

28 Sentyabr 2021 13:00 Köşə 1 193
Mahir Emreliyə xeyir gətirəcək MƏSLƏHƏT

Arda Turanın İspaniyada ulduzunun parladığı günlər idi.

Ard-arda müsahibələr verirdi, Bayrampaşa uşaqlarından danışırdı.

Deyirdi ki, evim hər gün dolub-boşalır Bayrampaşa uşaqları ilə. Həmin vaxt həmkarlarla söhbət zamanı gəldiyimiz qənaət bu oldu ki, Arda çox danışır, peşəkarlıq arxa plana keçib və bu Bayrampaşa uşaqları məhv edəcəklər onu.

Elə də oldu. Arda indi Bayrampaşa uşaqlarının arasındadır. Amma karyerası yoxdur. Aqibəti bizim Mahirdən uzaq, amma bu nümunəni məhz elə Emreli üçün çəkdim. Mahir Polşada özünün yaxşı göstərə bilib. Təbii ki, belə olan təqdirdə mətbuat da ona diqqət göstərir, üstəlik, azarkeşlərin də sevimlisidir.

Amma deyəsən, Mahir bir az çox danışır. Vallah, qorxuram. Çünki çox danışmaq heç kəsə xeyir gətirmir.

Bax, son müsahibələrindən birində Mahirin dedikləri də azarkeşləri iki yerə bölüb. Mahir pis heç nə deməyib ha.

Sadəcə bildirib ki, hədəfi daha güclü çempionatda iştirak etməkdir. Hər bir peşəkarın hədəfi bu olmalıdır. Amma azarkeşdə məntiq nə gəzir.

O, ağılla yox, hisslə düşünür. Azarkeş düşünür ki, Mahir “Legiya”nı heç bir kluba dəyişməməlidir. Dəyişirsə, deməli, pul haqda düşünür.

Məsələn, polşalı azarkeşin dediyi kimi olsaydı, ona gərək elə özlərinin Levandovskisini pul düşkünü sayardılar. Niyə Polşa çempionatında yox, Bundesliqada oynayır?

Ona görə də, Mahir çox ehtiyatlı olmalıdır. Daha güclü çempionatdan təklif gələndə, sakitcə götür-qoy edirsən və gedirsən.

Ondan sonra “Legiya” fanatlarının nə deyəcəyi önəmli deyil. İndi isə ancaq belə danışmaq məqbuldur: Əsas hədəfim “Legiya” ilə uğur qazanmaqdır. Vəssalam.

Polşadakı jurnalistlər də azərbaycanlı jurnalistlər deyil ha. Onlar demədiyin sözü də adamın boynuna yükləyə bilərlər. Ondan sonra təkzib-zad da işə yaramır.

Məsləhətimiz odur ki, Mahir daha çox işinə köklənsin, bacardıqca az danışsın. İnanın, bu, onun xeyrinə olar ki, ziyanına olmaz.

Natiq Muxtarlı

Xəbər Lenti
18 Mart 11:00 Görürsüz, nə var?