O, rusların Karpini, bu da bizim Sadıqov

21 Sentyabr 2021 15:00 Köşə 1 467
O, rusların Karpini, bu da bizim Sadıqov

Rusiya prezidenti Vladimir Putin yenə də futboldan danışıb. Və yenə də bəlli olub ki, bu nəhəng siyasətçinin futbol bilgisi olduqca bəsitdir.

Nöşün ki, Putin iddia edib: “Rusiya çempionatında limit olmalıdır, yoxsa yığma komanda zəifləyər”.

Putin hələ də başa düşməyib ki, Rusiya yığmasının böyük turnirlərdə uğur qazanması üçün rus futbolçular Avropanın güclü çempionatlarında çıxış etməlidirlər.

Amma Putin bunu bilməsə də, rusiyalı mütəxəssislər bilirlər. Və Putinin fikirlərini qəbul etmirlər. Biri elə Rusiya yığmasının baş məşqçisi Valeri Karpin.

Yığmanın ey...

Adətən yığma məşqçiləri limit tərəfdarı olurlar axı. Karpin isə şarlatan yox, mütəxəssis olduğunu göstərib, deyib ki, Putinin fikirlərini qəbul etmirəm:

“Vladimir Vladimiroviç deyib ki, limiti saxlamaq lazımdır, mən isə deyirəm ki, yox. Mənim fikrim belədir ki, limit futbolun inkişafına mane olur.

Limitin ləğvi isə məndə asılı deyil. Elə etmək lazımdır ki, sağlam rəqabət olsun.

Avropada belədir ki, ittifaqa daxil olan ölkələrin futbolçuları legioner hesab edilmirlər. Qoy bizdə də belə olsun, Avropa ölkələrinin futbolçularına limit tətbiq edilməsin”.

Bizim də bir Vaqif Sadıqovumuz var. Oturub AFFA-da, kim ki, federasiya rəhbərliyinin ideyalarına qarşı çıxır, onların ağzından vurur. Məsələn, “Neftçi”nin baş məşqçisi Samir

Abasov demişdi ki, limit ləğv edilməlidir. Vaqif Sadıqov ona cavab verib və təxminən belə deyib: “Böyüyün üzünə ağ olmağa ehtiyac yoxdur. Nə məsləhət görülürsə, ona da riayət etmək lazımdır”.

Tam əminəm, Vaqif Sadıqov və komitəsi AFFA-da heç bir təklif-zad vermir. Birincisi, təklif verməyə cəsarətləri çatmaz.

Fikirləşərlər ki, birdən verdiyimiz təklif şefin xoşuna gəlməz. İkincisi də, lap təklif versinlər, yaxşı anlayırlar ki, bu təklifə çırtma çalan da olmayacaq.

Ona görə də ən yaxşı üsuldan yararlanır: kimin öz fikri varsa, ağzından vurur. Şefə xoş gəlmək üçün. Gəlir də. Şefə də belələri lazımdır axı.

O, rusların Karpini. Öz sözü, fikri, düşüncəsi, futbol biliyi olan Karpin. Hətta ölkə prezidentinin dediklərini qəbul etməyən Karpin. Bu da bizim Vaqif Sadıqov. Fatı qalx, Fatı otur!

Natiq Muxtarlı

Xəbər Lenti