Qurban Qurbanovun xilas kəndiri...

17 Sentyabr 2021 20:20 Köşə 1 358
Qurban Qurbanovun xilas kəndiri...

Cəmi 10 gün əvvəl Azərbaycan yığmasının Avropa səhnəsində çıxışı hamımızı ölkə futbolu ilə bağlı mənfi düşüncələrə qərq etmişdi.

Futbol başbilənlərinin səriştəsizliyi sayəsində millimiz ərazisi ölkəmizin 1/10-i qədər olmayan Lüksemburqa boyun əymişdi.

Yəqin ki, hər kəs uşaqlıqdan bəri qulağımızdan əskilməyən “Azərbaycanda futbol var?” deyimini dodaqları arasında zümzümə edə-edə düşünürdü ki, düzəlməyəcək.

Bu gün isə millisi Avropa çempionatında göz qamaşdıran İsveçrənin adlı-sanlı klubu, Mohamed Salah kimi ulduzu Avropa futboluna bəxş edən “Bazel”i uda bilməməyimiz üçün “Qarabağ” adına təəssüflənirik.

Hansı ki, “Bazel” illərlə Çempionlar Liqasının daimi üzvü, adlı-sanlı top klubların çətin rəqiblərindən biri olub.

Qarşılaşmadan əvvəl azərbaycanlı azarkeşlər isveçrəlilərlə heç-heçəyə ikiəlli razı idi. Amma Qurban Qurbanovun komandası meydanda göstərdiyi futbolla 3 xalı qazanmadığımız üçün üzülməyimizə zəmin yaratdı.

Artıq 8 ildir ki, avrokubok həyəcanını ən azı dekabra qədər bizə yaşadan ağdamlıların bu dəfə daha uzun yol qət edəcəyi heç kəsdə şübhə yaratmır. Qrupun favoriti sayılan “Bazel”i mərkəz xəttini keçməyə belə nadir hallarda imkan verən ağdamlılar ən azı ikinci pilləni təmin edəcək.

Qurban Qurbanov Azərbaycan futbolunun xilaskarıdır. Yenə milli komandanın fonunda bataqlığa düşüb çabalayan futbolumuza kəndir atıb oradan çıxardı. Futbolumuzun həqiqət güzgüsünün qarşısına keçib öz həqiqətlərini diktə etdi. Millidə işləməyinə imkan verilməyən, böhtanlarla yığmadan göndərilən mütəxəssis getdikcə əsl həqiqətləri onun yolunu kəsənlərin üzünə çırpır.

İldən-ilə yüksələrək komandası ilə milli əvəzi olan “Qarabağ”ın timsalında xilas yolu görünür.

Oyuna gəlincə, 90 dəqiqə ərzində tempi qoruyaraq adlı-sanlı “Bazel”in canına qorxu salan “Qarabağ” elə ən real qol epizodunu da sonda yaratdı. Azərbaycan heç cür özünü sübut edə bilməyən Ramil Şeydayevin yararlana bilmədiyi epizod da bəxtsizliyin piki idi. Bəxtsizlikdən əlavə futbolçuları da günahlandırmaq olar. Abdulla Zubirin, Xayme Romeronun yersiz hərəkətləri də komandanı qrupun lideri olmaqdan məhrum etdi. Xatırlamıram ki, sonuncu dəfə hansısa komandamız avrokuboklarda hansısa rəqibinə qarşı bu qədər qol epizodu yaradıb 90 dəqiqə diktə etmişdi.

Qrupda Qazaxıstan “Kayrat”ı və Kipr “Omoniya”sının komandamıza o qədər də güclü müqavimət göstərə bilməyəcəyinin siqnalları da bu oyunlarla verildi.

Futbolumuzun yeni səhifəsinin, tarixinin yazılmasına isə sadəcə 450 dəqiqəlik mübarizə qalıb!

Elsevər Məmmədov

Xəbər Lenti