Azərbaycan yığmasında inanılmaz olaylar – ŞOK FAKTLAR!

8 Sentyabr 2021 20:20 Köşə 4 919
Azərbaycan yığmasında inanılmaz olaylar – ŞOK FAKTLAR!

Milli komandamız... Son 3 oyunda 1 xal və oyun sıfır!

Düşünməyə əsas, ən əsası vaxt var.

Amma bunu üçün bəzi suallara aydınlıq gəlməlidir. Azarkeşlərin, idman mediasının illərdir sualları cavabsız qalıb.

Burda bir haşiyə çıxıb deyim ki, idman mediası deyəndə istisnaları nəzərdə tutmuram.

Onlar sual deyil, AFFA əvəzinə cavab verənlərdir. Mirzələrlə işim yox.

Suallar bu dəfə konkret millimizin baş məşqçisi, italiyalı Canni De Byaziyədir. Ümid edirəm, oxuyacaq. Ya da ona oxuyacaqlar. Həm də ona ümid edirəm ki, cavabı özü verəcək. Mirzələri deyil.

Əvvəlcədən and içirəm ki, suallarda dediyim faktlar həqiqətdir. Odur ki, Millimizin baş məşqçisinin cavab verərkən, yalandı deməsinə inanmıram. (Hərçənd, cavab verəcəyinə də inamım azdır)

Başlayaq, Lüksemburqla oyundan. Həmin oyunda heyət seçimi ilə bağlı sual verməyəcəm. Bu haqda çox danışılıb. Mənim suallarım komandadan savayı heç kimin bilmədiyi məqamlarla bağlıdır. Keçək suallara:

1. Cənab de Byazi, bilirəm ki, Lüksemburqla oyuna komandanı hazırlayarkən, bütün məşqlər 5-li müdafiə üzərində qurulub. Hazırlıqlar da ona görə olub. Futbolçular oyuna məhz həmin taktiki plana görə kökləniblər. Lakin, isinmədən sonra paltardəyişmə otağında, start fitinə cəmi bir neçə dəqiqə qalmış 4-lü müdafiə oynamaq tapşığı vermisiz. Üstəlik, bəzi oyunçuları alışıq olmadığı mövqedə oynatmaqla... Bu, rəqibi çaşdırmaq üçün idi?

2. Komanda futbolçularını yeni kostyümda gördüyünüzdə dediyiniz sözləri xatırlayırsız? Birdən yaddan çıxar, mən xatırladım. Demisiniz ki, kostyumda ciddi komandaya oxşayırsız... Məgər bu günə qədər qeyri-ciddi idilər? Hara gəldiyinizi bilmirdiniz? Əgər elədirsə, o zaman elə ən qeyri-ciddi adam sizsiniz. Bu bir zarafat idi deməyin. Hər zarafatda az da olsa, zarafat payı var. Qalanı həqiqətdir.

3. Portuqaliya ilə oyun öncəsi Rüstəm Əhmədzadədən ağızdolu danışdınız. Rüstəmin bacarığı, futbolçu keyfiyyətləri haqda sözüm yoxdur. Amma dediyiniz ifadələr yadınızdadır? O sözləri seçərkən, komandanızın digər futbolçularına haqsızlıq etdiyinizin fərqindəsiniz? Bəyənmirsizsə, niyə çağırmısız? Çağırmısınızsa, unutmamalı idiniz ki, Portuqaliya qarşısına çıxacaq olanlar məhz haqqında 2 kəlimə xoş sözü deməyə qıymadığınız futbolçular olacaq. Bəlkə də siz “mən o sözləri deməmişəm” deyəcəksiniz. O zaman tərcüməçinizi dəyişin. Hərçənd dediyinizə əminəm. Çünki “mən belə deməmişəm” deməyə alışıqsınız.

4. Portuqaliya oyuna hazırlıq zamanı start heyəti üçün Bəhlulu hazırlamaq. Bütün məşqləri onun üzərində qurmaq... Hətta oyun günü səhər komanda daxilində hamı Mustafazadənin oynayacağını gözləyirmiş. Amma nə kəramətdirsə, Elvin Bədəlov start heyətində peyda olur. Bu sizin “sehrbazlıq” bacarığınızdır, yoxsa yenə rəqibi aldatmaq cəhdi?

Hə, cənab De Byazi. Suallarım hələlik bu qədər. Yenə də deyirəm, hələlik. Cavabınızı səbrsizliklə gözləyəcəm.

Cavab verməsəniz də sizi qınamayacam.

Avropa xalqlarının birində belə bir deyim var: “Çörəyi yeyəni qınama, çörəyi verəni qına...”.

“MİSTER X”

Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"