Bir "ticarətçi"nin əlində məhv olan gəncliyimiz

8 Sentyabr 2021 09:40 Köşə 1 545
Bir "ticarətçi"nin əlində məhv olan gəncliyimiz

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu dünən keçirib.

Milan Obradoviçin baş məşqçi olduğu kollektiv A qrupundakı ikinci matçında səfərdə Avstriya ilə üz-üzə gəlib.

"Kayne Zorgen Arena"dakı qarşılaşma rəqibin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Azərbaycan qrupdakı ilk görüşündə səfərdə Xorvatiyaya 0:2 hesabı ilə uduzub. Hazırda xalı olmayan yığmamız 5-ci pillədə qərarlaşıb.

AFFA Obradoviçlə bunun üçün yeni müqavilə bağlayıb? Əlbəttə, başqa nə cür ola bilərdi ki..?

Bu serbi gətirməkdə də, əvvəlki seçmə mərhələdə uğursuz olduğu halda, sözləşməsini uzatmaqda da məqsəd «çırpışdırmaqdır». Adətən, əcnəbilərlə bu işləri görmək daha asandır. Nə dil bilir, nə dodaş.

Çox vaxt «bazar»ın üstü də açılmır, hər şey içəridə qalır. Heç tüstüsü də çıxmır. Yerli ilə belə «əməkdaşlıq» təhlükəli gəlir onlara.

«Birdən haradasa danışar, ağzından söz qaçar», «birdən hirslənib mətbuata açıqlama verər», «birdən…» kimi fikirlər həmişə bunların başındadır.

Milanlar, velebitlər, «iç»lər-«miç»lər bu üzdən onların sevimlisidir.

Ortada «yemək» var. Onu «yemək» lazımdır». Nə vaxt o «yemək» qurtarar, U-21-ə də, əsas milliyə də yerli məşqçini yaxın buraxarlar.

Hələlik olmaz. Oddan təhlükəli görünür gözlərinə bir azərbaycanlı məşqçi.

0:6 hesablı məğlubiyyəti biz Xorvatiyadan da almalı idik. O oyun da səfərdə keçirildi deyə, hesab çoxumuza adi gəldi.

Üstündən sükutla keçdik, səsimizi hündürdən çıxarmadıq. Əslində isə xorvatlarla oyun da bizim üçün faciəvi bitməli idi: ev sahibləri saysız-hesabsız qol vəziyyətini boşa verdi.

Komandamızı topa həsrət qoydular, o tərəfə sürüdülər, bu tərəfə sürüdülər. Sağdan vurub, soldan çıxdılar.

Hər cür qol epizodu yaratdılar, cəmi 2 dəfə fərqləndilər. Hesabı 10:0-a çatdıracaq qədər imkanları var idi, qaçırdılar.

Avstriyalı gənclər isə qapımız qarşısında yaratdıqları qol epizodlarının yarısını dəyərləndirib, hesabı 6:0 etdi.

Obradoviçin komandası yenə top üzü görmədi, qaldı ki başqa nəsə etməsi. Avstriyalılar oyunboyu o qədər rahat, o qədər sərbəst idi ki… Çox xoşbəxt görünürdülər.

Obradoviç maymaq deyil. Ona da serb deyərlər e! Premyer Liqada hər tur meydana çıxanları ehtiyata alıb, I Divizionun «bataqlığ»ına bulaşmış əvəzedici komandalardan çıxanlara əsas heyətdə şans verməklə, o, bilir nə edir.

«Ticarətçi»dir, ucuz alıb, baha satmağı bacarır, həm elə, həm də belə qazanmağın yollarını yaxşı əzbərləyib.

Fransa ilə ötən mövsümün səfər oyununda baş verənləri heç unutmaqmı olar? Qəşəng «təcrübə»topladı onda.

Həmin adamdır. Həmin adam olaraq da qalacaq. Çün onu burada saxlayanlar da, cibini dolduranlar da həmin adamlardır. Milan onların üzünü yuyur, onlar da qayıdıb Milanıın əl-üzünü.

Bədəbəddə qeyri-adi hadisə yaşansa, yəni, müqaviləsinə birtərəfli qaydada xitam versələr, əlindəki UEFA kontraktını göydə fırlayııb, FİFA-nın gözünə soxacaq, təzminat istəyəcək. 300 min dollardan keçməz, 1 sentini də Azərbaycana bağışlayıb getməz.

Obradoviç 0:6 hesabıyla uduza bilər, azərbaycanlı məşqçiyə olmaz. Milanınkı şirin gəlir AFFA-ya, yerlinin isə belə bir «lyuks»u yoxdur.

Xəzər Hikmət

Xəbər Lenti