Bu qədər acgözlük olar?

7 Sentyabr 2021 23:00 Köşə 1 899
Bu qədər acgözlük olar?

Milli növbəti matçında güclü Portuqaliya millisinə məğlub oldu – 0:3.

Təəccüblənməyə, təəssüflənməyə, yalandan ah-nalə çəkməyə gərək yoxdur. Azərbaycan futboluna yaxından bələd olanların 90 yox, 99 faizi qrupun aşkar favoritinin Bakıda “at oynadacağını” təxmin edirdi. Ki, belə də oldu.

Faciəvi yenilgiyə görə futbolçuları qınamağın, baş məşqçini söyməyin, yaxud bir başqasını tənqid etməyin nə mənası var? Məgər millinin rəzil durumda olmasının səbəbkarı futbolçular, yaxud baş məşqçidir?

Onlar deyil. Onlar ola da bilməz! Onlar qələbə və pul qazanmağı hamıdan çox istəyirdi. Onlar yazıq görkəmi almamaq üçün bacardıqlarını edirdi. Onlar, onlar...

Millinin bu hala düşməsinin səbəbkarları AFFA-da oturanlar, quruma rəhbərlik edənlər, futbolun imkişafının yox, pul qazanmağın yollarını axtaran adları hər kəsə məlum olanlardır. Çünki onların yarıtmaz siyasətinin məntiqi nəticəsi kimi bu gün ölkədə Portuqaliya millisinin önünə çıxara biləcəyimiz düz-əməlli 3-5 futbolçumuz yoxdur. Çünki onların yarıtmaz siyasətinin məntiqi nəticəsi kimi bu gün ölkədə futbolçulara futbol oynamağı öyrədəcək məşqçilər yoxdur. Çünki futbolumuzda heç nə yoxdur.

Əvəzində, bir-birini əvəzləyən əcnəbi məşqçilər var. Berti Foqts, Robert Prosineçki, Nikola Yurçeviç, Canni de Byazi, sabah bir başqası. Və təməli 2008-ci ildə qoyulan bu ənənə artıq 13 ildir ki, uğurla qorunub saxlanılmaqdadır.

Azərbaycanda futbolçu yetişmir, millilər özümüzdən başqa hamını sevindirir, bütün ölkə əsəbdən futbolu yaradanları söyür. Di gəl, AFFA-nın başında duran yarıtmazlar ölkə futbolundan əl çəkmək istəmir. Futbolçuların yetişməsi ilə bağlı plan hazırlamaq əvəzinə, gecə-gündüz şəxsi mənafelərini düşünənlər futbolun oyun növü olduğunu unudaraq özləri üçün oyuncağa çeviriblər.

İllərdir oyuncaq etdiz, artıqlaması ilə qazandız, istəyinizə çatdız. İndi də gedin qazandıqlarınızı yeyin, xərcləyin, zövq alın. İndi xərcləməyib, nə vaxt xərcləyəcəksiz?

İmkan verin, futbolçular yetişsin, üzümüz gülsün, futbolumuz nəfəs alsın. Bu qədər acgözlük olmaz axı.

HƏBİB

Xəbər Lenti