Uşaqlar, De Byazinin dediklərinə əməl etməyin, yoxsa...

6 Sentyabr 2021 13:00 Köşə 1 503
Uşaqlar, De Byazinin dediklərinə əməl etməyin, yoxsa...

Dünya futbolunda məşqçilərin futbol fəlsəfəsini, iş üslubunu bir neçə kateqoriyaya bölmək olar.

Məsələn, məşqçi var ki, komandasına oyun fəlsəfəsinə uyğun futbolçular toplayır.

Məşqçi də var ki, komandada olan futbolçulara uyğun oyun fəlsəfəsinə üstünlük verir. Bir də var italyan məşqçilər.

Onlar istər yığmada, istərsə də klubda çalışsınlar – yalnız bir oyun üslubuna üstünlük verəcəklər: öncə müdafiədir. Yəni italyan məşqçilərin əsas prinsipi qol buraxmamaqdır.

Belə oyun fəlsəfəsi italyanlar üçün dəyərdir. Onlar heç bir halda bu dəyərə xəyanət etmirlər. Dünyanın ən güclü müdafiəçiləri İtaliyadadır.

Onlar belə oyun sistemini bəyənirlər, ondan zövq alırlar. İtalyan məşqçi hara gedir-getsin, belə sistemə güvənəcək.

Elə ona görə də, Canni De Byazini ifrat müdafiə futbolu oynatmaqda ittiham etmək olmaz.

Byazi İtaliya yığmasına da rəhbərlik etsə, Lüksemburqla oyunda müdafiəyə meyilli oyun sistemi tətbiq edəcəkdi. Onu qətiyyən maraqlandırmır ki, azərbaycanlı futbolçular müdafiə olunmağı bacarmırlar.

Onların ən üstün keyfiyyətinin texnika olduğu da De Byazinin vecinə deyil. Onun sərəncamına 10 hücumçu versən də, onlardan yalnız bir şey tələb edəcək: müdafiə olunun.

Müdafiə olunmağı azərbaycanlılara heç Foqts da öyrədə bilmədi. Foqts başa düşmədi ki, belə oyun sistemini mənimsəmək üçün uşaq futbolundan başlamaq lazımdır.

Ona görə də 7 il ərzində azərbaycanlı futbolçuların üstün keyfiyyətlərindən yararlana bilmədi və özünü də, yığmamızı da biabır etdi.

Foqts Azərbaycandan nəticəsiz getsə də, cibi dolu ayrıldı. Qazandığını qazandı. Olan isə Azərbaycana oldu. Foqtsun başa düşmədiyini De Byazi də anlamır. Bildyini edir, əsl italyan məşqçi kimi.

Heç şübhəsiz, yenə də nəticə olmayacaq, De Byazi burdan nəticəsiz, amma cibi dolu ayrılacaq. Olan bizə olacaq. Ona görə də ümid futbolçularımızadır.

Uşaqlar, sizi De Byazinin dedikləri qətiyyən maraqlandırmamalıdır. Ona qulaq asın, dediklərini bu qulağınızdan alıb, o biri qulağınızdan buraxın. Amma heç bir halda onun dediyi kimi oynamayın.

Əminəm ki, İrlandiya ilə oyunda elə belə edibsiniz. Öz bildiyiniz kimi oynayıbsınız. Belə oynamasaydınız, Lüksemburq biabırçılığından da betər biabırçılıq olacaqdı.

Qarşınızda hansı rəqibin olmasını vecinizə də almayın – istər Lüksemburq olsun, istərsə də Portuqaliya, De Byazinin tapşırıqlarına əməl etməyin.

Belə etsəniz, Lüksemburqla qarşılaşmadan sonrakı qarğış və təhqirləri eşitməyəcəksiniz. Yoxsa...

Natiq Muxtarlı

Xəbər Lenti