Daha bir qarışıq-natamam mövsümə doğru

5 Sentyabr 2021 20:40 Köşə 788
Daha bir qarışıq-natamam mövsümə doğru

Milli klub futbolu mövsümünün Premyer liqada ilk iki turu artıq geridədir.

Elə bu matçlardan çempionat yenə natamamlıqlar kompleksinə doğru ilk addımlar yarışına çevrilib.

"Sumqayıt" bu dəfə də ildırımsürətli başlanğıcla əvvəldən özünə rahat yol cızmaq istəyir.

Görünür, Avrokubok komandanın xeyrinə işləyib və ən aazı milli çempionat üçün nəticələr doğru çıxarılıb. Hərçənd komandada hələlik dəyişən çox şey yoxdur. Məsələn, heyətin gücləndirilməsi üçün yenə heç bir addım atılmadı.

Ötənilki kimi, "Sabah" və "Keşlə"nin uğursuzluq yolu ənənəvi məşqçi dəyişikliklərinin gündəmə elə ilk turlardan gətirib. Hərçənd "Sabah"la bağlı vəziyyət az-çox aydındır və klub rəhbərliyinin məntiqli qərarlarını da görmüşük. Komanda yeni mövsümə, faktiki olaraq, yeni heyətlə gedir. Lakin ikinci görüşə də komanda tam heyətlə çıxa bilmədi. Bu dəfə həm koronavirus, həm sifariş edə bilmədikləri futbolçu, həm ilk turdakı qırmızı vərəqə, həm zədə, bir sözlə, mümkün macəraların hamısı klubun yolunu kəsdi. Bir sözlə, hələ konkret nəsə deməyin zamanı olmasa da, qarşıdan gələn fasilə dövründən səmərəli istifadə olunmalıdır. Əks təqdirdə, təcrübəsinə bələd olduğumuz "Keşlə" sükançı dəyişikliyinə ilk namizədə çevrilib.

Ümumən mövsüm yenə də normal bir klub oyunu görməyəcəyimizə işarə ilə başlanıb. Az-çox "Qarabağ" sanbalına sığına bilər və bu mövsümün şəriksiz lideri ola bilər. Üstəlik, yeni heyət quruculuğuna komanda taktiki hiylələrlə gedərək, məntiqi ardıcıllığa üstünlük verir. Hərçənd "Zirə" ilə ilk turdakı matçda büdrəməsinin mümkünlüyünü də əyani göstərdi.

"Neftçi" isə qarışıq-natamamlığın rəmzi olmağa hazırdır. İlk turda "Qəbələ" ilə görüşdə komanda deyil, dərədən-təpədən yığılmış toy ansamblını xatrıladan "ağ-qaralar"a qonaqlar rəhmlə yanaşdılar. Haradasa mövsümün başlanğıcı olması, haradasa səfərdə oynaması, haradasa titullu rəqibə qarşı dayanması, haradasa özünə güvənməməsi "Qəbələ"ni qələbədən məhrum etdi. Heç bir oyun elementi olmadan sadaladıqlarım təsadüfi deyil. Bəli, məhz ikinci dərəcəli faktorlar səbəbilə "Qəbələ" daha 2 xaldan özünü məhrum etdi.

Düşünmək olar ki, "Neftçi" ikinci turda ənənəvi çətin səfərdən qələbə qazanmaqla özünə haqq qazandırıb və doğru yola düşüb. Lakin əvvəlcə hakim, daha sonra rəqibin özü onun qələbəsinin təminatçısı oldu: hakim ələ dəyən topu penalti kimi qiymətləndirmədi; ilk qolda qapıçı kobud səhvə yol verdi; ikincidə isə müdafiə baş verənlərə "slou-moşn" üslubunda pərakəndə hərc-mərci təpik, ayaq, sinə atmaqla cavab verməyə çalışaraq topu qapıdan çıxarmaq üçün nə lazımdırsa etdi. Doğrudur, oyunlarda əllə oyun vəziyyətinin qiymətləndirilməsi ilə bağlı son tövsiyələrə görə çox şərhlər vermək olar. Lakin belə hallara "sərbəst" qiyməti vermək sabah-birigün istənilən yozuma yol açmaq deməkdir.

Hər necə oldusa, Avrokuboklarda bir yarışdan digər yarışa yuvarlandırılaraq atılan komanda milli mövsümdə də iki turdur ki, sanbalına güvənə bilmir. Oyunçu potensilaı ilə ən aşağılarda, oyun potensialına görə ortalarda, sadəcə, təcrübə və iddiasına görə yuxarılardadır. İstənilən halda bu da çempion titulunu özünə qaytarmış bir komandanın həsrətə son qoyduqdan sonrakı vəziyyətinə haqq qazandırmır. Hətta 0:3 hesabı ilə "Qarabağ"a məğlub olan "Səbail" belə öz oyununda daha məntiqli görünürdü. Yeri gəlmişkən, "Səbail" matçda kombinasiyalı oyun baxımından normal təsir bağışlayaraq, ilk turda qələbənin təsadüf olmadığını əyani nümayiş etdirdi. Komandanın hazırlıq, praktiki fəaliyyət problemi daha çox sezilir.

İlk tur haqqında danışarkən, VAR sistemi ilə bağlı məqamları bir daha dilə gətirməyə lüzum yaranıb. Bu sistem olsaydı, bəlkə də artıq bir neçə oyunun taleyi barədə tam fərqli qərarlar verilərdi. Elə bu səbəbdən qış fasiləsindən sonra VAR sisteminin ədalətli tətbiqinə ümidlə hakimlərin də səhvsizliyinə, ən azı, qarşılaşmaların taleyinə təsir göstərməyəcəyini arzulayaq.

Yekun olaraq, mövsümün ilk iki turu daha çox problemlərin anonsçusu oldu, daha bir qarışıq, həm də natamamlığı bol olan, bəzən isə məntiqi izahı belə olmayacaq mövsümə şahidlik edəcəyimizə isə işarələr verdi.

İndi milli komandanın oyunu ilə əlaqədar böyük fasilədir. Belə demək mümkündürsə, elitar klubar qızınma hərəkətlərindən sonra səhvləri aradan qaldırmaq üçün ilk fürsəti əldə ediblər.

Gözləyək, görək nə baş verir.

BATI YAR

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu