“Bizim 2014-cü ildən bəri hər il Avropa Liqasının qrup mərhələsində yer alan və uğurla çıxış edən “Qarabağ” kimi klubumuz var".
Bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov mətbuata Azərbaycan futbolu ilə bağlı düşüncələrini bölüşərkən deyib.
Deyirəm, nə yaxşı ki, "Qarabağ" var, yoxsa neylərdiz, AFFA rəhbərliyi? Yuxarı dairələrə inkişafla bağlı hansı nağılları danışardız?
Eşidin!
"Qarabağ" Qurban Qurbanovun əsəridir!
"Qarabağ" onun rəhbərliyinin qoyduğu sistemin bəhrəsidir!
"Qarabağ" ədalətin, düzgünlüyün nəticəsidir!
"Qarabağ"ın uğurundan onun rəhbərliyi bəh-bəhlə danışsın.
"Qarabağ"ın uğurundan onun məşqçilər heyəti bəh-bəhlə danışsın.
"Qarabağ"ın uğurundan o forma altında ən azı 1 dəqiqə meydana çıxan futbolçusu danışsın.
"Qarabağ"ın uğurundan onun xadiməçisi danışsın.
Amma siz əsla danışmayan. Yox, israrla futboldan danışmaq istəyirsiniz?
O zaman danışın illərdi AFFA-da qurduğunuz sistemdən.
Danışın dörd bir yandan milliləşdirdiyiniz futbolçulardan.
Danışın əlcək kimi dəyişdirdiyiniz baş məşqçilərdən.
Danışın lazımsız qələbələrə xərclədiyiniz yüzminlərdən.
Sadalasam bitməyəcək danışmalı olduğunuz o qədər şeylər var ki ...
Amma "Qarabağ"dan əsla, danışmayın! Ən yaxşı halda "Qarabağ"ın uğurlarına baxıb, həya edin və susun!
Xanoğlan İmanov