“Qarabağ”ın Eldar Mansurovu hanı?

8 May 2021 16:20 Köşə 2 090
“Qarabağ”ın Eldar Mansurovu hanı?

“Açığı, mən “Qarabağ”ı komanda saymıram. “Neftçi”ni sındırdılar və Ağdam klubu bu fürsətdən istifadə etdi.

“Qarabağ”ı adına görə irəli çəkdilər.

Bəlkə elə deyil? “Qarabağ” nə vaxtdan böyük camiə olub? “Neftçi” başqa aləmdir”.

Məşhur bəstəkar Eldar Mansurov “Futbol+” qəzetinə deyib bu sözləri. Ləzzət etdi. Eldar müəllim bəstəkarlığını, ictimai xadimliyini bir tərəfə qoyub, ütüsüz-düzənsiz, əsl azarkeş kimi danışıb.

Azerkeşin məntiqi, ədaləti olmamalıdır. Əsl azarkeş həmişə elə hesab etməlidir ki, onun komandasını sıxırlar, rəqibə yardım edirlər.

Əsl azarkeş düşünməlidir ki, onun komandasını tənqid edən jurnalist rəqiblərə işləyir. Azarkeş ağılla yox, hisslə idarə olunandır.

Eldar Mansurov futboldan, sevimli “Neftçi”sindən danışıb və hisslərinə güvənib. Eldar Mansurov köhnənin azarkeşlərindəndir. İndi bu statusda, bu ranqda olan azarkeşlərin nəsli kəsilmək üzrədir futbolumuzda.

Eldar müəllimin dediklərindən sonra sevinməmək olmur. Adam deyir ki, bəstəkar olmaq bir ayrı işdir, ictimai fiqur da olmaq bir ayrı iş. Amma azarkeş olmaq da tam ayrı bir iş. Heç bir bəlağəti sevməyən iş.

“Ədalətli azarkeş” statusu yoxdur dünyada. “Real” azarkeşi “Barselona”nı komanda sayırsa, o, azarkeş deyil. “Barsa” fanatı “Real”ın gücünü etiraf edirsə, apar tulla o azarkeşi Balaxanı zibilliyinə.

Azərbaycanda bir dəstə futbol funksioneri var ki, bu idman növünü öldürməklə məşğuldur. Eldar Mansurov kimi azarkeşlər də, futbolu yaşatmaq üçün çalışanlardandırlar.

Futboldan danışanda bəstəkar kimi yox, azarkeş kimi - bəzəksiz-düzəksiz, hissləri ilə danışdıqları üçün.

İstəyirəm ki, “Qarabağ”ın da Eldar Mansurov ranqda azarkeşi olsun. Bəzəksiz-düzəksiz danışsın futboldan. Lap elə Eldar Mansurova cavab versin.

Ağlı, məntiqi ilə yox, hissləri ilə iddia irəli sürsün.

Onda futbolun imitasiyasını yaratmaq olar Azərbaycanda.

Onda, bəlkə futbol impuls tapar bu imitasiyadan, dirilmə baş verər.

“Qarabağ”ın Eldar Mansurovu varmı?

Natiq Muxtarlı

Xəbər Lenti