"Qarabağ" özündən küssün!

5 May 2021 15:00 Köşə 3 090
"Qarabağ" özündən küssün!

«Qarabağ» artıq Premyer Liqada da qol vura bilmir…

Təsəvvür edirsiz, bu, nə deməkdir? Dünyanın sonu!

Uzağa getmirəm, «Qarabağ» ötən ilə kimi Premyer Liqada qarşısına çıxaana istədiyi qol vururdu. Ürəyi istədiyi qədər!

Üç, dörd, beş… Fərq eləmirdi.

Deyəcəksiz ki, «Qarabağ» bu mövsüm də bir neçə böyükhesablı qələbəyə imza atıb, oyunlar olub, rəqibini 5-6 dəfə topu tordan çıxarmağa məcbur edib.

Olur hərdən belə hallar, burada söhbət sabitlikdən, çempionluq istəyən komandanın yarışmanın final mərhələsindəki mücadiləsindən gedir.

«Qarabağ» o təəssüratı oyatmır və yaratmır. Ki, çempionluğa layiqdir,

Ardıcıl 7 çempionluqdan doymuş bir görüntüsü var «Qarabağ»ın. İcazə versələr, yay tətilinə hamıdan 1 ay əvvəl yollanıb, hamıdan 1 ay sonra qayıdarlar.

Futbolçularında bu psixoloji gərginlik əmələ gəlib.

Qurban Qurbanov Rəşad Sadıqovun yoxluğunda onun bir ayaqqabısını geyinə biləcək, ən azından, o ayaqqabı tayınıı geyinməyə iddia edəcək kimisə tapa bilmir meydanda.

Ona görə də komanda ruhu dağılıb, darmadağın olub, hərə özünü düşünür, mövsümün sonunun gəlməsini iplə çəkir.

«Qarabağ»dakılar əsəbi görünür, bir panika var komandanın içində. Mövsümün başından bəri rəqibləri o dərəcədə aşağıda gördülər ki, indi də o fikri başlarından çıxırıb atmağa çətinlik çəkirlər. Gücləri çatmır

Premyer Liqanın axırına 3 tur qalıb, yenə də inana bilmirlər çempionluğun təmin olunmamasına. «Neftçi»nin büdrəyəcəyinə, yarıyolda təqibi dayandıracağına o qədər əmin idilər ki… Heç özlərinə bu səviyyədə güvənləri olmaya-olmaya.

«Qarabağ» ardıcıl 8-ci çempionluğu əldə etməsə, özündən, özünkülərdən savayı kimisə günahlandırmasın. Küsürsə, yenə yalnız özündən, özünkülərdən küssün!

Sağda, solda, irəlidə, arxada: heç kimi suçlamasın! Doğrudur, «Qarabağ» ötən illərin tam tərsi, bu mövsüm bir çox hallarda hakimlərin təzyiqi və digər kənar təsirlərlə qarşılaşdı, ancaq olanların heç biri komandanı yelkənsiz qayıq kimi dənizin ortasında atıb-tutacaq qədər güclü təsir etməməli idi.

Sadəcə, «Qarabağ»ın formasını geyinənlər: yerlisi və əcnəbisi ilə bir-birlərinə kürək söykəyib, bu çətin perioddan birgə çıxmaq barədə vaxtında fikirləşmədi.

Barmağımızı qatlasaq, «Qarabağ»a layiq oyun nümayiş etdirən 3 futbolçu saya bilmərik. Aşağı-yuxarı hamısı eyni gündə, eyni halda, eyni vəziyyətdədir.

Çün «qızıl orta»nı tapacaq, həmin ortamı yaradacaq bir xarizma sahibi komandanın paltardəyişmə otağında görünmür, heç kölgəsi də dolaşmır o dəhlizdə.

İLKin

Xəbər Lenti