Təşəkkürlər, Samir Abasov!

26 Aprel 2021 11:40 Köşə 1 836
Təşəkkürlər, Samir Abasov!

Nəhayət, nəhayət ki, həqiqət bəlli oldu. İdman mətbuatının “peşəkarları” idda edirdilər ki, o, böyük məşqçi olacaq.

İşsiz qaldığı günlərdə onu, boş olan iş yerlərinə pərçim edirdilər.

Klub rəhbərlərinə təklif edirdilər ki, onu seç. Özü də adam, işlədiyi heç bir klubda uğur qazana bilməsə belə. Niyə belə edirdilər?

Ona görə ki, o, mətbuat konfranslarında bir az sərt, qeyri-standart açıqlamalar verirdi. Ləzzət edirdi bizim idman jurnalistlərinə bu yanaşma.

Və hesab edirdilər ki, o, dahi məşqçi olacaq.

Bizim jurnalistlərin “dahi məşqçi” standartı qeyri-standart açıqlama verə bilməkdir. Elə rəhmətlik Böyükağa Hacıyevi də bu xüsusiyyətinə görə dahiləşdirmişdilər.

Amma özləri də yaxşı bilirdilər ki, Sadıq Sadıqov olmasaydı, rəhmətlik “Neftçi”ni çempion edə bilməzdi. Sadıq Sadıqovun da hansı yollarla buna nail olduğu da bəlli idi hər kəsə.

Yaxşı ki, Samir Abasov ağızlarının üstünə şapalaq vurdu bunların. “Sabah”la oyundan sonra xarakteri olan iradəli, savadlı məşqçi belə deməli idi:

“Başa düşmürəm ki, cərimə meydançasında məhəllə uşaqlarının etdiyi hərəkəti edən, həndbol oynayan bu yaponu “Neftçi”yə niyə gətiriblər?”

Əslində, xarakteri olan savadlı məşqçi heç Hondanı heyətə salmamalı idi. Lap onu məcbur “Neftçi”yə soxuşdursalar da. Çünki hamı görür ki, Hondanın meydanda olması “Neftçi”nin oyun sistemini alt-üst edir.

Amma Samir Abasov mətbuat konfransında bunu demədi, 8 futbolçu ilə qalmış rəqibin qapıçısının niyə meydandan qovulmadığını sorğuladı.

Niyə istəyirmiş qapıçının meydandan qovulmasını? Sən demə, qapıçı vaxt uzadırmış. Adam, sənin komandan meydanda 8 nəfərlə qalsaydı, nə edəcəkdi?

Əlində olan bir xalı qorumaq əvəzinə, hücuma atılacaqdı, vaxt uzatmayacaqdı? Samir Abasov adidən də adi məşqçidir, xaraktersiz, iradəsiz.

Amma nədənsə, onu “peşəkar” idman jurnalsitləri “şişritmişdilər”. Adam “partlatdı” özünü, həm də şapalaq vurdu onu “şişirdənlərin” ağzına.

Təşəkkürlər, Samir Abasov, həqiqəti bəyan etdiyin üçün.

Ümid edək ki, kimlərəsə bəzi həqiqətlər də bəyan olacaq. İndilikdə isə özünüzə yeni “qəhrəman” tapın, dostlar, mətbuat konfransında sərt danışsın, qeyri-standart açıqlamalar versin.

Sizin futbol düşüncənizə uyğun gələn qəhrəman.

Natiq Muxtarlı

Xəbər Lenti