Ya "Qarabağ", ya... BU MÖVSÜM ÇEMPİON HANSI KOMANDA OLACAQ?

24 Aprel 2021 16:20 Köşə 1 816
Ya "Qarabağ", ya...  BU MÖVSÜM ÇEMPİON HANSI KOMANDA OLACAQ?

Bakı birinciliyini xatırladan Premyer Liqamızda cari mövsümün başa çatmasına cəmi 5 tur qaldı.

Sabah çempionatda 24-cü turun oyunları keçiriləcək.

Birincilik isə mayın 19-da başa çatacaq. Ötən mövsümün pandemiya səbəbindən başa çatdırılmadığı və lider "Qarabağ"ın çempion elan edildiyi məlumdur.

Bundan əvvəlki bir neçə çempionatda isə çempion hələ finişə bir neçə tur qalmış məlum olmuşdu. Yenə də "Qarabağ".

Bu il isə deyəsən, qızıl medalların sahibinin adı son tura qədər bəlli olmayacaq. Bu bir yana, UEFA Konferensiya Liqasında iştirak edəcək komandaların, eyni zamanda autsayderin adı da. Bir şey dəqiqdir - çempionatda sonuncu yer(lər)i tutan komanda Premyer Liqanı tərk etməyəcək. 1-ci Divizionun qalibi də elitaya yüksəlməyəcək. Necə? Axı, hələ ötən mövsümün gedişində Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev bildirmişdi ki, çempionat 10 komanda ilə keçiriləcək. Mərdiməzar pandemiya imkan vermədi. Axı, bu qış AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov da eyni sözü vermişdi. Ki, Premyer Liqada komanda sayı 12-ə qədər artırıla bilər. Onu da vurğulamışdı ki, 10 komanda daha realdı. Təəssüf ki, növbəti mövsüm də Premyer Liqa 8 komanda ilə keçiriləcək. Bunu bilmək üçün münəccim olmağa gərək yoxdur. Prosesləri izləmək, deyilənləri eşitmək və yazılanları görmək bəs edir. Bu yerdə "Kişi sözü" filmində Ələmdar kişinin (Muxtar Avşarov) sözləri yada düşür: "Sözdü də, ağızdan çıxdı, sonra görürsən əməl eləmək mümkün deyil... Bəlkə dilin dediyinə adamın gücü çatmır? Dildi də, bir azca ət parçasıdı. Dedi, amma gücü çatmadı..." Yazının məğzinə qayıdaq. Cari çempionatda çempion hansı komanda olacaq? Hansı komandalar Konferensiya Liqasına vəsiqə qazanacaqlar? Nəhayət, 1-2 kəlmə də autsayderlər barədə...

Turnir cədvəlinə fikir versək, çempionluq uğrunda "Qarabağ" və "Neftçi" arasında gərgin mübarizə getdiyini görərik. Ağdam təmsilçisi "flaqman"dan cəmi 1 xal öndədir. Növbəti 4 turda bu komandaların yığdığı (itirdiyi) xallar nə qədər önəm kəsb etsə də, sonuncu tura təsadüf edəcək "Neftçi" - "Qarabağ" matçı çempionluğun taleyində daha vacib rol oynayacaq. Böyük ehtimalla məhz "6 xallıq" oyunda çempionun adı məlum olacaq.

Maraqlı fakt: Qarabağ" 7 mövsümdür ki, ard-arda çempion olmaqla milli çempionatlar tarixində rekorda imza atıb. Bu il ənənəni davam etdirəcəyi təqdirdə özünəməxsus rekordu yeniləyəcək. Eyni zamanda, aktivlərində 8 çempionluğu olan hər 2 komanda yeni rekorda imza atmış olacaq. 9-cu çempionluq isə mütləq rekord olacaq. Daha bir maraqlı məqam qazanılan kubok sayları ilə bağlıdır. Həm "Qarabağ", həm "Neftçi" 6 dəfə Azərbaycan Kubokuna sahib çıxıb. "Qarabağ" bu il kubokda mübarizəni davam etdirir. "Neftçi" isə kənarda qalıb. Yəni Ağdam təmsilçisi bu il də kuboka sahib çıxmaqla daha bir rekorda imza atmış olacaq.

Məlumdur ki, çempionluğun taleyini yığılan xallar həll edəcək. Amma bu xalların yığılması üçün bir çox vacib amillər var ki, onlara diqqət yetirmək lazımdır. Birincisi, heyətlə bağlı. "Qarabağ"dan başlayaq. Qurban Qurbanovun sərəncamında ikisi qapıçı olmaqla cəmi 18 futbolçu var. Deməli, Qurban müəllim heyət sarıdan çətinliklərlə üzləşə bilər. Bu futbolçulardan 7-i legionerdi. Qarşıdakı turlarda zədələnən və ya cəzalı duruma düşən istənilən futbolçu "Qarabağ" üçün böyük itki sayılacaq və bu baş məşqçini qayğılandırmaya bilməz. Həftə içi Azərbaycan Kubokunun yarımfinal mərhələsində "Sumqayıt"la ilk oyunun gedişində bunun şahidi olduq. Rəqib komandanın futbolçularının Abdullah Zubirə qarşı bir neçə epizodda kobud oynaması Qurban müəllimi dilə gətirmişdi. Cəzalı duruma düşə biləcək futbolçulara gəlincə, qeyd etmək lazımdır ki, "Qarabağ" bu mövsüm ən səliqəli oynayan komandalardandır. Buna baxmayaraq, hazırda heyətdə qırmızı vərəqə almaq ehtimalını bir yana qoysaq, cəzalı duruma düşmə təhlükəsi ilə üz-üzə qalan 3 futbolçu var - Elvin Cəfərquliyev, İsmayıl İbrahimli və Ovusu Kvabena. Hər 3 futbolçu daha bir halda xəbərdarlıq alacağı təqdirdə növbəti turu buraxmalı olacaq.

Heyət kasadlığından başqa, "Qarabağ"ın əleyhinə olan məqamlardan biri də sıx oyun qrafikidir. Bayaq qeyd etdiyimiz kimi, komanda Azərbaycan Kubokunda da çıxışını davam etdirir. Bazar günü "Qəbələ" ilə oyundan sonra aprelin 29-da kubokda "Sumqayıt"la cavab qarşılaşması və 5 gün sonra "Zirə" ilə çempionat oyunu. 10 günə 3 matç.

Çətinliklərə rəğmən, "Neftçi" ilə müqayisədə "Qarabağ"ın lehinə olan məqamlar da var. Birincisi, formalaşmış heyət. İkincisi, əksər futbolçuların ustalıq səviyyəsinin yüksək olması. Nəhayət, təcrübə. Məhz bu 3 amil komandanın çempionluğunda önəmli rol oynaya bilər.

"Neftçi"yə gəlincə, "Qarabağ"ın üzləşdiyi problemlərdən qismən kənardır. Əvvəl heyətə nəzər salaq. Samir Abasovun komandasının sifariş ərizəsində üçü qapıçı olmaqla 27 futbolçu var. Onlardan 11-i legionerdi. Bu baxımdan zədəli və cəzalı duruma düşəcək futbolçuları əvəzləyən tapılacaq. Cəzalı durum demişkən, sabah "Sabah"la matçda sarı vərəqə limitini dolduran Yusif Laval oynamayacaq. Yusifdən başqa, Bruno Teluşi, Talisson Diaz, Mert Çelik və Sabir Buqrinin passivində 3 "sarı" var və "məcburi istirahət"in bir addımlığındadırlar.

Oyun qrafiki baxımından da "Neftçi" rahatdı. Kubokdan kənarda qalması komandanın lehinə olan amildir. Həftəyə bir oyunun olması Samir Abasovun komandasını həmin oyunlara daha yaxşı hazırlamasına şərait yaradır.

İndiki vəziyyətdə komandaların çempionluq şansaları bərabər görünür. Bunu futbol mütəxəssisləri də deyir. Komandaların qalan oyunlarda qarşılaşacaqları rəqiblər aşağı-yuxarı eynidir. “Qarabağ” növbəti 4 oyunda "Qəbələ", "Zirə", "Sabah" və "Keşlə" ilə oynayacaq. "Neftçi" isə "Sabah", "Keşlə", "Səbail" və "Sumqayıt"la. Son turda isə aralarında təkcə münasibətlərə deyil, eyni zamanda çempionluğa aydınlıq gətirəcəklər.

Konferensiya Liqasında təmsilçilərimizin kimliyi böyük ehtimalla bəllidi. Bir vəsiqə "Neftçi" və ya "Qarabağ"ın olacaq. Digər 2 komandaya gəlincə.. "Aranı qatan" "Keşlə"dir. Doğrudur, Azərbaycan Kubokunun yarımfinalında ilk oyunda "Zirə"yə 1:2 hesabı ilə məğlub olan komandanın finala çıxacağı o qədər inandırıcı deyil. Bu isə Avropaya digər 2 vəsiqənin "Sumqayıt" və "Zirə"yə qismət olacağını deməyə əsas verir. Hər 2 komanda kubokda da mübarizəni davam etdirməklə yanaşı, çempionatda eyni xala sahibdirlər və 3-4-cü yerləri bölüşdürürlər. Ən yaxın izləyiciləri "Qəbələ" ilə aralarında olan 8 xallıq fərqi isə əyalət təmsilçisi çətin ki, aradan qaldıra bilsin.

Bəs, Premyer Liqanı hansı komanda tərk edəcək? Əgər Azərbaycan futbolunda idman prinsipləri qorunsaydı sual özünü doğruldardı. İndiki halda sualı belə qoymaq daha düzgün olar - Premyer Liqada sonuncu yerdə hansı komanda qərarlaşacaq? 4 komanda bu "fəxri" ada namizəddir - "Qəbələ", "Səbail", "Sabah" və "Keşlə". Komandaların hazırkı vəziyyətinə nəzər salsaq, "Qəbələ"nin "aradan çıxacağını" düşünmək olar. Komanda yaxşı futbol sərgiləməklə yanaşı, sonuncu pillədəki "Keşlə"dən 4 xal öndədi. Ramin Quliyevin baş məşqçi təyin olunması ilə "Sabah"ın bir qədər özünə gəldiyini söyləmək olar. Ardıcıl məğlubiyyətlərdən sonra qazanılan xallar komandanı psixoloji cəhətdən özünə qaytarıb. Bundan başqa komanda heyət baxımından da üstünlüklərə malikdir. "Səbail"ə isə bunu aid etmək olmaz. Komanda həm heyət, həm də maliyyə sarıdan rəqiblərindən çox geri qalır. Amma zaman-zaman "dişli" rəqiblərdən belə xal almağı bacaran "Səbail" qalan oyunlarda da sürpriz nəticələrə imza atmaq iqtidarındadır və bu, komandanı autsayderlikdən xilas edə bilər. O ki qaldı "Keşlə"yə 13 turdur qələbəyə həsrət qalan komanda heç cür qara zolaqdan çıxa bilmir. Bazar günkü "Səbail"lə oyunda bunu etməyəcəyi təqdirdə "Keşlə"nin adını indidən son sıraya yazmaq lazımdır.

İlqar TAĞIYEV

Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"