Qadın alveri qədər gəlirli sahə

23 Aprel 2021 11:20 Köşə 1 138
Qadın alveri qədər gəlirli sahə

Futbol haqqında məzəli və sırf həqiqəti ifadə edən kəlamlardan biri belədir: 100 il əvvəl futbolu kasıblar oynayırdı, milyonçular tamaşa edir, indi futbolu milyonçular oynayır, kasıblar tamaşa edirdi.

Elədir ki var. Çatışmayan söz yalnız odur ki, kasıbların futbola tamaşa edərkən qoşulduqları mərcdən qazanılan milyonlar da futbol təsərrüfatını işlədən milyarderlərin cibinə gedir.

Hə, çox işlənən məzəli kəlam da var, xüsusilə bizim ölkəmizdə tez-tez deyirlər: “Futbol İngiltərədə doğuldu, Braziliyada böyüdü, Azərbaycanda (bu yerə bir çox ölkələr öz adını qoyur) öldü”.

İndi bu kəlama da belə bir düzəliş etmək olar: “Futbol İngiltərədə doğuldu, Braziliyada böyüdü, Fransada korrupsiyaya uğradı, İtaliyada eybəcərləşdi, İspaniyada evləndi, Almaniyada özünə maşın aldı, Türkiyədə dalaşdı, Çində qocaldı, təzədən gəlib İngiltərədə sui-qəsdə məruz qaldı”.

Artıq xəbəriniz var, İngiltərənin 6, İspaniyanın və İtaliyanın hərəyə 3 böyük futbol klubu birləşərək Avropa superliqası yaradıblar. Niyyətləri odur ki, futbolu öz aralarında oynasınlar, hamı da onlara tamaşa eləsin, onlar da stadionlarda yığılan pulu, reklamlardan gələn külli miqdarda vəsaiti, eləcə də bukmeker kontorlarında toplanan milyardları bölüb qoysunlar ciblərinə.

Bəs yerdə qalan ölkələrin klubları nə etsin? Onlar getsinlər öz kos-kosalarını oynasınlar, böyüklərin əl-ayağına dolaşmasınlar, travma alar, türkün sözü, sakatlanarlar.

Özü də ən pisi odur ki, bu superliqanın qapısı bağlı olacaq, ən çoxu oraya 20 klubu buraxacaqlar. Artıq 12-si hazırdır, 8-i də tərəddüd içindədir, “milyarderlər ittifaqı”na üzv olsunlarmı, olmasınlarmı, bilmirlər.

Məlumatlı adamlar deyirlər ki, bu işin arxasında səxavətli milyarderlər və 6 milyard avro pul var. Əlbəttə, belə yekə şeylər pulsuz olmaz. Pul varsa, demək, mahnı (himn) da olacaq, hələ gerb də, bayraq da.

Bu işin axırının necə olacağını bilmirəm, heç idman yazarı Aydın Bağırov və “Real”ın sahibi, Avropa superliqasının qurucularından olan Florentino Peres də bilmir. Eləcə, gümanlar var. Bir tərəf deyir ki, hər şey yaxşı olacaq, o biri şaqqa da buyurur ki, hər şey pis olacaq. Amma Erkin Qədirli demişkən, nəsə olacaq.

Futbol elə bir oyundur ki, içində hər şey var - həm teatrdır, həm kinodur, həm siyasətdir, həm dipolmatiyadır, həm müharibədir, həm də eləcə oyundur. İndi məlum olur ki, futbol həm də böyük pullar qazanılan sindikatdır, holdinqdir.

Keçmişdə deyirdilər ki, dünyada ən çox mənfəət gətirən 3 “təsərrüfat” var: silah alveri, narkotik alveri, bir də qadın alveri. İndi onlar 4 olub. Dördüncü, futbol alveridir. Superliqada oynayacaqları ehtimal olunan futbolçuların qiymətinin 50-250 milyon dollar arasında olduğunu nəzərə alın və hesabınızı götürün. Dünyanın harasında o qiymətə fahişə və ya zenit-raket kompleksi var?

Amma bu, o demək deyil ki, biz bundan belə yalnız “böyük”lərin oynadığı futbola azarkeşlik edəcəyik. Elə şey olmayacaq. Hər bölgənin, hər şəhərin futbol klubu özünə daha şirindir. Xüsusilə ard-arda qələbə qazananda. Bu günə-bu gün “Zirə” Avroliqada ard-arda qələbələr qazansın, “Borussiya”, “Lill”, “Napoli” kimi klubları məğlub etsin, avtomatik olaraq hamımız dönüb olacağıq “Zirə”li. O biri ölkələrin azarkeşləri də eləcə.

Pulları çox olduğuna görə harada istedadlı futbolçu varsa, qamarlayıb alan və bu sayədə özlərini “böyük” adlandıran klublar isə çox da döşlərinə döyməsinlər, onların “balaca”lara uduzmağı az olmayıb. Məsələn, 3-4 il öncə Madridin “Atletko” klubu Bakıda və Madriddə bizim “Qarabağ”da heç-heçə (Madriddə qollu heç-heçə) etməsini hələ də sinirə bilmir. Hər dəfə söz düşəndə baş məşqçi Simoenenin gözü dolur. Çünki bu məğlubiyyətə bərabər heç-heçələr idi, oyunda əsas meyar xal yox, rəqib meydançada vurulan qol üstünlüyü olsaydı, “Atletiko” ələnəcəkdi və Simoene qovulacaqdı. Onun qanının arasına həmin il Avroliqa çempionu olması və superkubok qazanması oldu.

İndi Peres deyir ki, superliqanın yaradılmasında məqsəd dünya futbolunu xilas etməkdir. Sinyor burasını düz deyir, Platini kimilər futbola Siciliya ab-havası gətirmişdilər. Amma cənab “bunu özümüz üçün etmirik” deyəndə, sanki bir az qeyri-səmimilik edir, ortada o qədər pul var və onu kasıb klublarla bölüşmək istəmirsiz, ta bunun başqa adı nədir?

Samir SARI

Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!