Qurban Qurbanovun səbrini kim tükədib?

22 Aprel 2021 09:40 Köşə 1 208
Qurban Qurbanovun səbrini kim tükədib?

Qurban Qurbanov rəsmən çılğına dönüb.

Artıq onu saxlamaq olmur. Dindirməsən, dinməyən adamı durdurmaq çətin görsənir indi.

Uzun müddət susub, susub, bu gün də… Səbr kasası ağzınadək dolub. Bardağı daşıb. Ancaq «güllə»ni yenə də hara gəldi, səpmir. Bilir sözünü kimə göndərir, hara göndərir.

Hələlik üstüörtülü şəkildə olsa da. Barmağını konkret bir istiqamətə tuşlamasa da.

Bu gedişlə o da olacaq. Bir gün olacaq.

Hələlik ona görə, o gün bu gün deyil. amma çox qalmayıb. Oxun yaydan çıxmasına az qalıb… Bəlkə də sayılı günlər...

Onun sözü nə Ayxan Abbasovadır, nə də digər həmkarlarına. Rəqiblərlə heç bir işi, sözü və söhbəti yoxdur, O, bu mərhələni çoxdan aşıb, gör, nə vaxtdır!

Udanda, uduzanda da əks texniki zonadakılara münasibəti dəyişməyən, təbriki qəbul etdiyi kimi, məğlubiyyəti həzm eləməyi də bacaran biridir.

Samir Abasov deyil ki uduzduğu oyundan sonra uzaqdan həmkarına əl yelləsin, sonra da üzünü çevirib getsin.

Qurbanovun sözü AFFA-ya, orada əyləşənlərədir. Deyəsən, artıq müəyyən məlumatlar qulağına çatıb və bilir ki, «şüşəbənd» arxasında gizlənənlər ona, komandasına qarşı «tor» qurmağa başlayıb.

Hər halda əlaqələri, münasibəti olan şəxsdir, informasiya təminatı qaydasındadır.

Görünür, xəbəri var ki, AFFA-dakı səlahiyyət yiyələri «Neftçi»ni irəli salmaq üçün hansı vasitələrə baş vurur, altdan-altdan nə kimi «işlər» çevirir.

«Qarabağ»ı içəridən çalxalaya, bir-birinə vura bilmirlər, əlləri yalnız hakimlərə çatır. Nə etsələr, onlar edəcək - federasiya iki gözlə bütün ümidini «fit sahibləri»nə bağlayıb.

Fritz Stuxlik? Dünya-aləm bu avstriyalı komitə sədrinin umrunda deyil. Onun öz «mavi planet»i var, hər gün oralarda gəzib dolaşır.

«Qarabağ»ın əsəbləriylə oynamaq tapşırığı hakimlərə AFFA-nın ən üst mərtəbəsindən gəlib.

Rəvan Həmzəzadənin «Keşlə», Əliyar Ağayevin «Səbail», Rəşad Əhmədovun da dünən «Sumqayıt»la oyunda Qurbanovu özündən çıxarması təsadüfdürmü, sizcə?

Qurbanov komandasından nə qədər narazıdırsa, bir elə, bəlkə də ondan da artıq hakimlərdən şikayətçidir.

Özlərini «ədalət təmsilçisi» hesab edənlərin futbolçularına qarşı kobudluqlara göz yummasına o, artıq göz yuma bilmir.

Bir yandan həm oyun getmir, həm də bu kimi şeylər… Adamda səbrmi qalar..?

Kim olsa, özündən çıxar.

Xəzər Hikmət

Xəbər Lenti