“Milan”a qarşı oynayan Eldarın AFFA ilə nə əlaqəsi?

19 Aprel 2021 16:00 Köşə 1 737
“Milan”a qarşı oynayan Eldarın AFFA ilə nə əlaqəsi?

A seriyasında “Milan”- “Cenoa” qarşılaşmasının 74-cü dəqiqəsində meydana Eldor Şomurodov çıxdı.

Bizdəki Eldar yəni. Eyni kökə sahibik, eyni dildə danışırıq.

Sadəcə, bizdə Eldar, özbəklərdə Eldordur. Fərq ondadır ki, özbəklərin Eldoru A seriyasında çıxış edir, azərbaycanlıların Eldarının orda olacağını isə heç yuxuda da görmürük.

AFFA-nın makler idarəçiləri var, Bu maklerlər öz mirzələrinə belə tezis göndərir: Yazın ki, Azərbaycanda heç sovet vaxtı da futbolçu yetişməyib.

Təbii ki, yalan deyir, gözünün içinə qədər.

Amma deyək ki, biz bu yalanı qəbul etdik və inandıq ki, Azərbaycanda heç sovet vaxtı da futbolçu yetişməyib.

Yəni Banişevski, Əlkəbər Məmmədov, Sergey Kramarenko, Nazim Süleymanov, Vəli Qasımov Azərbaycan futbolunun yetirmələri deyillər. Ancaq Özbəkistanda da sovet vaxtı dişə dəyəcək bir futbolçunun olmadığını bilirik axı.

Amma özbəklər futbolçu yetişdirməyi bacardılar. Yetişdirdilər və birini Azərbaycana göndərdilər, burda bombardir oldu, biri Asiyanın ən yaxşı futbolçusu seçildi, indi də birini A seriyasına göndəriblər.

AFFA rəhbərliyi deyə bilməz ki, bizim futbolçuları Avropa klublarına təqdim edəcək menecerlər yoxdur. Çünki Azərbaycanda menecer şəbəkəsinin olduğu, bu şəbəkəyə də baş katibin rəhbərlik etdiyi hər kəsə bəlli.

Üstəlik, Özbəkistan Asiya ölkəsidir. Yəni Azərbaycan Avropaya Özbəkistandan bir köynək yaxındır.

Əgər hansısa Avropa klubu Asiyadan futbolçu tapırsa, deməli, o futbolçudan Azərbaycanda olsaydı, avropalıların gözünə daha tez girərdi.

Amma girmir. Nöşün ki, Azərbaycanda futbolçu yetişdirilmir. Federasiya məmurlarının mirzələrinə verdiyi son tezis isə belədir: “futbolçu yetişmədiyinə görə günahkar klublardır”.

O klublar ki, hamısı baş katibin nəzarətindədir. Hə, indi gələk yazının başlığındakı suala:

“Milan”a qarşı oynayan Eldarın AFFA ilə nə əlaqəsi? Yəni Eldorun. Heç bir əlaqəsi yoxdur.

Əgər əlaqəsi olsaydı, Eldor “Cenoa”nın yox, “Sumqayıt”ın, “Səbail”in, ya da “Sabah”ın formasında meydana çıxardı. Və A seriyasında Eldor, yəni özbək oynaya bilər, Eldar, yəni azərbaycanlı yox.

Nöşün ki, Özbəkistan Futbol Federasiyasına rəhbərlik edənlər Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında oturanlardan fərqlənirlər.

Onlar Özbəkistanı sevirlər, onlar Özbəkistan üçün çalışırlar. Özbəklər xoşbəxtdirlər.

Natiq Muxtarlı

Xəbər Lenti